Fermerlərə payızlıq əkinlər və çoxillik əkmələrə görə subsidiyaların ödənişinə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Banker.az-a daxil olan məlumata əsasən, ilkin mərhələdə 536702 əkin bəyanı üzrə 263992 fermerə 109 milyon manatdan çox subsidiya ödənilib.
Subsidiyalar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. İlkin mərhələdə 2023-2024-cü təsərrüfat ili üzrə 536 702 əkin bəyanı əsasında 263 992 fermerə ümumilikdə 109 milyon 517 min manat əkin subsidiyası ödənilib. Subsidiya ödənişləri payızlıq əkinlər və çoxillik əkmələrə görə bəyan edilmiş 543 298 hektar sahəni əhatə edir.
Qeyd edək ki, ötən il fevralın əvvəllərində 189 946 əkin bəyanı üzrə 93 904 fermerə 48 milyon 636 min manat ilkin əkin subsidiyası ödənilmişdi. Ödənişlər 258 349 hektar əkin sahəsini əhatə edirdi.
Bu il ilkin mərhələdə subsidiya ödənişi alan fermerlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 dəfə, subsidiya vəsaitinin miqdarı 2.3 dəfə, əkin sahəsinin həcmi 2.1 dəfə, ödəniş edilən bəyanların sayı 2.8 dəfə çoxdur.
Subsidiyaların ödənişi davam edəcək.