Treydərlər xəbərdarlıq edirlər ki, dünya neft qiymətlərində yenidən kəskin sıçrayışın baş verə biləcəyi dönüş nöqtəsi yaxınlaşır. “Financial Times” (FT) yazır ki, bu, Fars körfəzində bloklanmış xammalın Hörmüz boğazı vasitəsilə daşınmasının mümkün olmaması halında baş verəcək.
“Aberdeen” fondu Brent markalı neftin qiymətinin 180 dollara yüksələcəyi ssenarini artıq araşdırır. Bu isə Avropa və Asiyada sərt resessiyaya səbəb ola bilər. “Morgan Stanley” analitikləri əlavə edirlər ki, “eskalasiya ssenarisi” reallaşarsa və qiymətlər 150 dolları keçərsə, dünya real yanacaq çatışmazlığı, təchizat zəncirlərində pozuntular və qlobal iqtisadi geriləmə ilə üzləşəcək. Analitiklər hesab edirlər ki, inkişaf etmiş ölkələrin əksəriyyətində böhran ilk növbədə açıq çatışmazlıqdan deyil, qiymət artımından hiss olunacaq.
Münaqişənin başlanmasından bəri dünya enerji imkanlarından artıq istifadə edir: mart–iyun aylarında tələbat hasilatı gündə təxminən 6 milyon barel üstələyəcək. Bəzi proqnozlara görə, çatışmazlıq 8–9 milyon barelə çata bilər. Çatışmazlığı kompensasiya etmək üçün hazırda strateji ehtiyatlardan gündə 2 milyon barel neft bazara çıxarılır, lakin bu proqramlar iyul ayında başa çatacaq.
Beynəlxalq Enerji Agentliyi (BEA) məlumatına görə, dünya ehtiyatları artıq təxminən 380 milyon barel azalıb. “JPMorgan Chase” hesab edir ki, OECD ölkələrində kommersiya ehtiyatları iyunun əvvəlinə qədər kritik “əməliyyat stressi səviyyəsinə” yaxınlaşa bilər. Bir çox neft emalı zavodu bahalı neft almaq və artan daşınma xərclərini ödəmək istəmir, İranla müharibənin tezliklə başa çatacağına ümid edərək öz ehtiyatlarını istifadə etməyə üstünlük verir.
Ölkələr iqtisadiyyatlarını qorumaq üçün fövqəladə tədbirlər görür. BEA qiymətləndirməsinə görə, artıq 76 dövlət ekstremal addımlar atmağa məcbur olub. Martın sonunda bu göstərici 55 idi. Belə ki, Avstraliya yanacaq ehtiyatlarını artırmaq üçün 10 milyard dollar ayıracaq, Fransa biznesə dəstəyi genişləndirəcək, Hindistan isə əhalini qızıl almamağa və xaricdə istirahətdən imtina etməyə çağırıb. FT qeyd edir ki, inkişaf etməkdə olan ölkələrdə böhran artıq çatışmazlığa səbəb olub: Pakistan, Şri-Lanka və Filippin müvəqqəti olaraq dördgünlük iş həftəsi tətbiq etməyə məcbur qalıb.







