İngiltərənin “Liverpul” futbol klubuna sahib olan Amerikanın “Fenway Sports Group” investisiya şirkəti klubun payının satışı ilə bağlı danışıqlar aparır. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, potensial alıcı Britaniya-Hindistan əsilli iş adamı və İngiltərənin “Kuins Park Reyncers” klubunun sahibi Amit Bhatianın rəhbərlik etdiyi investorlar konsorsiumudur. “Fenway Sports Group” konsorsiumla danışıqlar aparıldığını təsdiqləsə də, hələlik heç bir razılaşmanın əldə olunmadığını bildirib.
Sövdələşmə baş tutacağı təqdirdə, klubun qiymətləndirilməsi 6 milyard dolları ötəcək. Bu isə idman tarixində ən iri sövdələşmələrdən biri olacaq.
“Liverpul” İngiltərə çempionu titullarının sayına görə (20) “Mançester Yunayted” ilə birlikdə rekorda sahibdir. Klub həmçinin Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının qalibi altı dəfə olub və bu göstəriciyə görə İngiltərə klubları arasında liderdir.







