Finlandiya yeni növ koronavirusla (COVID-19) əlaqədar bəzi ölkələrə yenidən səyahət məhdudiyyətləri tətbiq edəcək.
“foreigner.fi” saytının verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər naziri Maria Ohisalo və Transport və Kommunikasiya naziri Timo Harraka mətbuat konfransında bildiriblər.
Daxili İşlər naziri deyib ki, Finlandiya hökuməti daxili sərhədlərdə (Şengen zonası daxilində) səyahət məhdudiyyəti və nəzarətini Norveç, Danimarka, İslandiya, Almaniya, Yunanıstan və Maltadan gələn səyahətçilər üçün yenidən tətbiq edəcək.
Şengen zonasından kənarda olan ölkələrdən İrlandiya, Kipr, San Marino, Yaponiya üçün də məhdudiyyətlər tətbiq olunacaq.
Hazırda Finlandiyaya daxil olma şərtlərinin Avropada ən sərt olduğunu qeyd edən nazir əlavə edib ki, yuxarıda adı qeyd olunan ölkələrin vətəndaşları biznes, iş və ailə məsələləri ilə bağlı ölkəyə gələ bilərlər.
Nazirlər qeyd ediblər ki, məhdudiyyətlər avqustun 24-dən qüvvəyə minəcək.