3 C
Baku
Saturday, December 14, 2024

“Fitch” agentliyi “Azərenerji”nin reytinqini azaldıb

Fitch” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin uzunmüddətli emitentin defolt reytinqini (İDR) “BBB-“dan “BB+”a, qısamüddətli İDR-i isə “B”dən “F3″ə salıb. Şirkətin kredit reytinqi üzrə proqnozu isə “neqativ” olaraq müəyyənləşdirilib.

Agentlik “Azərenerji”nin reytinqi və proqnozunun aşağı salınmasını Azərbaycanın suveren reytinqinin azaldılması ilə izah edib. Qeyd edək ki, bu ilin fevralında Agentlik Azərbaycanın suveren reytinqini uzunmüddətli yerli və xarici valyutada “BBB-“dan “BB+”a salıb.

“Fitch” şirkətin kredit reytinqini Azərbaycan hökuməti ilə hüquqi, strateji və əməliyyat əlaqələri ilə uyğunlaşdırdığını, 2015-ci ilin sonuna şirkətin bütün borclarına dövlət tərəfindən zəmanət verildiyini bildirib.

Agentlik “Azərenerji”nin dövlət tərəfindən zəmanət verilən borclarının 2016-2018-ci illərdə dəyişməyəcəyini, özəlləşdirmə proqnozlaşdırılmadığından şirkətlə dövlət arasında yaxın gələcəkdə heç bir hüquqi əlaqələrin dəyişməyəcəyini qeyd edib. Dövlət 2009-2015-ci illərdə şirkətin kapital qoyuluşlarının 35%-ni (930 mln. manat) maliyyələşdirib. “Fitch” “Azərenerji”nin 2016-2019-cu illərdə investisiya ehtiyacları üçün daha 3,7 mlrd. manat vəsait alacağını ehtimal edir.

Agentlik 2015-ci ilin dekabrında baş verən manatın devalvasiyasından sonra “Azərenerji” ASC-nin kredit profilinin zəiflədiyini bildirib. Belə ki, şirkətin valyutada olan borcları ilə milli valyutada olan gəlirləri arasında uyğunsuzluq yaranıb. Həmçinin, valyuta risklərinin hedc etmək imkanlarının da məhdud olduğu vurğulanır. Belə ki, 2015-ci ilin sonuna şirkətin demək olar ki, bütün borcları xarici valyuta – dollar, avro və yapon yenində ifadə olunub. Agentlik “Azərenerji”nin leverec əmsalının 2014-cü ildəki 7,5 dəfədən 2016-2018-ci illər arasında 20 dəfəyədək artacağını proqnozlaşdırır.

“Fitch” həmçinin bildirib ki, “Azərenerji” ASC-nin maliyyə göstəricilərinin pozulması, onun borclarını ödəməkdə çətinlik çəkməsinə gətirib çıxaracaq. Belə ki, hazırda şirkətin Asiya İnkişaf Bankı (ADB) ilə kredit müqaviləsində kreditin ödəmə əmsalının pozulmasına dair görüşlər apardığı məlum olub. Burada əmsal nağd əməliyyat gəlirlərinin borc ödənişinə nisbəti kimi hesablanır və kredit müqaviləsində bunun 1,5-dən yüksək olması qərarlaşdırılıb. Lakin faktiki olaraq əmsal 1,5-dən aşağı düşüb.

Agentlik həmçinin “Azərnerji” ASC-nin elektrik enerjisi istehsalı və təchizatı seqmentində təbii inhisarçı olduğunu qeyd edərək, Azərbaycan iqtisadiyyatı üçün önəmini vurğulayır, lakin şirkətin ÜDM-də payının çox az olduğunu bildirib.

Report

Son xəbərlər
Digər xəbərlər