Yüksək dollarlaşma səviyyəsi hələ də Azərbaycanın bank sektoru üçün əsas risk olaraq qalır.
Banker.az bildirir ki, bunu “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri qeyd edirlər.
“Azərbaycanın bank sektorunun əsas riski hələ də həm kreditlər, həm də depozitlər üzrə dollarlaşmanın yüksək səviyyəsi ilə əlaqədardır. Baxmayaraq ki, 2018-ci ilin birinci yarısının sonuna hər iki göstərici azalıb”, – “Fitch”in MDB ölkələri və Gürcüstanın bank sektoruna dair hesabatında deyilir.
Agentliyin analitikləri qeyd edirlər ki, bank kreditləri üzrə yüksək dollarlaşma aktivlərə təzyiq göstərir, çünki borcalanların əksəriyyətinin gəlirləri dollarda olmaması səbəbindən onlar öz öhdəliklərini yetirə bilmir.
“Hesablamalarımıza görə, bank sektorunda gecikdirilmiş borcların orta əmsalı 20% səviyyəsində sabitləşib, ehtiyat ayırmalarının həcmi isə 2016-cı ilin sonuna 51%-dən 2018-ci birinci yarısının sonuna 70%-dək artıb. Buna baxmayaraq, banklarda mühüm həcmdə hazırda işlək kimi təsnifləşdirilən restrukturizasiya olunmuş kreditlər mövcuddur. Biz qarşıdakı bir neçə ildə banklar tədricən problemli kreditlərdən əldə olunan gəlirləri dəyərsizləşmə mənfəəti kimi tanıyacağını gözləyirik”, – hesabatda deyilir.
“Fitch”in mütəxəssislərinin rəyinə görə, depozitlər üzrə dollarlaşma Azərbaycanda yerli valyutada kreditlərin verilməsi üzrə bankların imkanlarını məhdudlaşdırır. “Sektorun ümumi valyuta mövqeyi (Azərbaycan Beynəlxalq Bankı nəzərə alınmadan) qapalı olaraq qalır. ABB-nin açıq qısa mövqeyi iri məbləğdə qalır – 2018-ci ilin birinci yarısının sonuna $1,5 mlrd. təşkil edir”, – hesabatda vurğulanır.
AMB-nin məlumatına görə, 1 noyabr 2018-ci il tarixində Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma səviyyəsi 63,5%, kreditlər üzrə – 38%-ə yaxın təşkil edir.
İnterfaks Azərbaycan