Aparıcı beynəlxalq reytinq agentlikləri “Standard & Poor’s” və “Fitch Ratings” Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın reytinqlərini təsdiq etdilər. Belə ki, “Fitch Ratings” Bankın uzunmüddətli emitentin defoltu reytinqini (EDR) “B+” səviyyəsində, qısamüddətli EDR-i – “B” səviyyəsində, reytinqin dəyişməsi proqnozunu isə “sabit” kimi qiymətləndirib.
Öz növbəsində, “Standard & Poor’s” PAŞA Bankın uzunmüddətli EDR-ni “BB–“ səviyyəsində, qısamüddətli EDR-i “B” səviyyəsində, reytinqin dəyişməsi proqnozunu isə “sabit” kimi qiymətləndirmişdir. Bu, ölkənin 100% yerli kapitala malik bütün özəl bankları arasında ən yüksək, Azərbaycanın bütün özəl bankları arasında isə ikinci ən yaxşı reytinqdir.
PAŞA Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə Baş Direktoru Taleh Kazımovun sözlərinə görə, Bankın reytinqinin aparıcı reytinq agentlikləri tərəfindən təsdiqlənməsi Bankın düzgün istiqamətdə hərəkət etdiyini göstərir. O, sözlərini yekunlaşdıraraq qeyd etmişdir: “Biz uğurlu fəaliyyətimizin cari reytinqlərdə öz əksini tapdığına çox şadıq. Bankımıza verilən reytinqlər düzgün biznes-mövqeyimizi, mülayim risk durumunu və Bankın likvidliyinin adekvat göstəricilərini əks etdirir”.