Fondun (İKZF) 41 yaşlı yeni sədri Osman Xaliyev kimdir?

Banker.az olaraq xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin 7 sentyabr sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin yeni sədri təyin edilib.

1985-ci ildə Sumqayıt şəhərində anadan olan Osman Xaliyev 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsində İqtisadi kibernetika ixtisası üzrə bakalavr, 2010-cu ildə isə İdarəetmənin informasiya texnologiyası üzrə magistr təhsili alıb. 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA proqramında təhsil alıb.

Xaliyev əmək fəaliyyətinə 2010-cu ildə “Access Bank” QSC-də əməliyyatlar üzrə mütəxəssis kimi başlayıb. Daha sonra 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis vəzifəsində çalışıb.

2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi kimi fəaliyyət göstərib. 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini tutub.

Onun dövlət qurumlarındakı əsas fəaliyyət mərhələsi Sahibkarlığın İnkişafı Fondu ilə bağlı olub. Xaliyev 2020-ci ilin noyabrında Fondun İdarə Heyəti sədrinin müşaviri, 2021-ci il iyunun 1-dən sədr müavini təyin edilib. 2022-ci il noyabrın 15-də isə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri olub.

2026-cı il sentyabrın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Osman Xaliyev İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər