Fransa vətəndaşı 42 yaşlı Siril Kərim Rabbatlı Şamaxının Kələxana kəndində ölkəmizdə fermerlərə yaradılan əlverişli şəraitdən faydalanaraq təsərrüfat yaradıb. Təsərrüfatında taxıl sahəsi, üzüm bağı ilə yanaşı, inək ferması da var.
Siril Kərim Rabbatlı müsahibəsində ona burada ögey münasibətin olmadığını deyir.
Fransa vətəndaşı Livanın Beyrut şəhərində doğulub. İyirmi il əvvəl Azərbaycana pənah gətirən Kərim yeddi il Bakıda yaşadıqdan sonra, 2007-ci ildə Şamaxıya üz tutub. Rayon mərkəzindən 10 kilometr aralıda, dağların arasında yerləşən Kəlaxana kəndinə köçən əcnəbi, ilk olaraq üzüm bağı salıb. Üzüm sahəsi ilə bərabər taxılçılığa da yer ayıran fermer bir neçə ildir ki, arpa-buğda əkini ilə də məşğuldur. O, Azərbaycanda xoşbəxt olduğunu deyir. Bildirir ki, Azərbaycandakı sabitlik hər ölkədə yoxdur. Buna görə də yaşamaq üçün Azərbaycanı seçib. Üstəlik dövlətin aqrar sektora dəstəyi də onu qane edir və bu dəstəkdən faydalanaraq öz təsərrüfatını yaradıb.
Ətlik və südlük inəklər saxlayan fermer gələcəkdə bu sahəni genişləndirəcəyini söyləyir: “Bu fermanı yaradarkən 10 baş inəyim var. Hazırda heyvanların sayı 45-ə çatıb. Gələcəkdə isə artıraraq 200 baş edəcəyəm. Azərbaycan dövləti tərəfindən bu sahəyə böyük dəstək verilir, ona görə də bu işlə məşğul olmağa qərar verdim. Mən xarici və yerli iş adamlarını da dəvət edirəm, gəlsinlər, bu gözəl ölkədə mənim kimi iş qursunlar, gəlir götürsünlər”.
Azərbaycanın hər zaman dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən biri kimi tanındığını deyən Kərim, burada heç vaxt milli və dini zəmində hər hansı bir ayrı-seçkilik və qarşıdurma halının baş vermədiyi üçün ölkəmizi seçdiyini bildirir. “Azərbaycan gözəl ölkədir, azərbaycanlılar çox qonaqpərvərdirlər. Biz burada özümüzü çox rahat hiss edirik, əmin-amanlıqdır. Azərbaycanda yaşayıb fəaliyyət göstərmək üçün bu amillərə görə ölkənizi seçdik. Uşaqlarımız da burada böyüyür. Şamaxıda həm yaşamaq, həm də işləmək üçün bütün şərait var. Fikir verin, kənd təsərrüfatına 10 inəklə başlamışdım, amma indi 45 inəyim var və daha da artıracağam. Bu, onu göstərir ki, dövlətiniz fermerlərə işləmək üçün hər cür dəstək verir. Bircə qalır işləmək”, – deyə o vurğulayır.
2008-ci ildə azərbaycanlı xanımla ailə quran Siril Kərim Rabbatlının 9 yaşlı Selin adlı qızı, 6 yaşlı Rəfael adlı oğlu var.