Fransada prezident seçkilərinin tarixi müəyyənləşib

Fransada prezident seçkilərinin iki turu 18 aprel və 2 may 2027-ci il tarixlərində keçiriləcək. Bu tarixlər iyulun 1-də Nazirlər Şurasında təsdiqlənəcək. Bu barədə mənbələrə istinadən “Le Figaro” məlumat yayıb.

Fransa Konstitusiyasına əsasən, səsvermə hazırkı prezidentin səlahiyyət müddətinin başa çatmasından 20–35 gün əvvəl keçirilməlidir. Emmanuel Makronun səlahiyyət müddəti rəsmi olaraq 14 may 2027-ci il gecə yarısında başa çatacaq.

“Ouest-France” yazır ki, bu tarixlərin seçilməsi həm də yaz məktəb tətillərinin seçici fəallığına təsirini minimuma endirmək məqsədi daşıyır. Birinci turun keçirildiyi vaxt ölkənin əksər bölgələrində tətil davam etsə də, ikinci tura qədər demək olar ki, bütün ərazilərdə tətil başa çatacaq və ölkədən gedən vətəndaşların əksəriyyəti geri qayıda biləcək.

Hökumət namizədlərin rəsmi siyahısını ən geci 26 mart 2027-ci ildə açıqlayacaq. Prezidentliyə namizəd olmaq niyyətini keçmiş daxili işlər naziri Bruno Retayo, Jan-Lük Melanşon, keçmiş baş nazirlər Qabriel Attal və Edouard Filipp, həmçinin sabiq prezident Fransua Olland açıqlayıblar.

Emmanuel Makron isə qanunvericiliyə əsasən ardıcıl üçüncü müddətə namizədliyini irəli sürə bilməz.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər