9 C
Baku
Sunday, November 17, 2024

FT: 2023-cü ildə Avropanı işsizlik və tənəzzül gözləyir

Avrozona iqtisadiyyatı gələn il yüksək inflyasiya və potensial enerji çatışmazlığı istehsalı azaldacaq və işsizliyi artıracaq. “Financial Times” (FT) tərəfindən sorğuda iştirak edən 37 iqtisadçının təxminən 90%-i vahid valyuta zonasının artıq tənəzzülə uğradığını və gələn il ərzində ÜDM-in azalacağını proqnozlaşdırıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Morgan Stanley”in iqtisadçısı Kyara Zanqarellinin fikrincə, Avropa qaz bazarları əsas risk olaraq qalır. Əlavə tədarükün kəsilməsi və ya soyuq qış gərginliyin yenidən artmasına səbəb ola bilər.

“FT”nin sorğusuna qatılan iqtisadçıların əksəriyyəti hesab edir ki, Avropa enerji böhranlarının ən pisindən xilas olub. Eyni zamanda, payızın isti keçməsi qaz anbarlarının tutumunu saxlamağa imkan verib. Bir çox ekspertlər qorxur ki, 2023-cü ildə qeyri-normal qış və ya Rusiyadan tədarükün daha da azalması ehtiyatların tükənməsinə səbəb ola bilər.

Avropa ölkələri Norveç, ABŞ və Yaxın Şərqə üz tutmaqla, həm də alternativ enerji mənbələrinə keçməklə Rusiya qazından asılılığını azaltmağa nail olublar. Lakin iqtisadçılar xəbərdarlıq edirlər ki, Rusiyadan tədarük olmasa, gələn qışdan əvvəl qaz anbarlarını doldurmaq xeyli çətinləşəcək.

İqtisadiyyatdakı tənəzzül Avropada əhəmiyyətli dərəcədə yüksək ipoteka xərcləri ilə birlikdə regionun mənzil bazarında kəskin dönüşə səbəb ola bilər. Orta hesabla, iqtisadçıların proqnozlarına görə, gələn il Avrozonada daşınmaz əmlak qiymətləri 4.7% ucuzlaşacaq.

Avrozona iqtisadiyyatının 2023-cü ildə 0.01% daralması gözlənilir. Bu proqnoz Avropa Komissiyasının və Avropa Mərkəzi Bankının gələn il blokun iqtisadiyyatının müvafiq olaraq 0.3% və 0.5% artacağını gözlədiyi proqnozlarından daha bədbindir.

Roma Luis Universitetinin iqtisadiyyat professoru Marcello Messori, enerji şokunun yaratdığı “həddindən artıq inflyasiyaya” qarşı çıxmaq üçün AMB-nin faiz dərəcələrinin daha da artırılmasının iqtisadiyyatda ciddi tənəzzülə səbəb olacağını söylədi. Sonuncu dəfə tənzimləyici baza dərəcəsini dekabrın 15-də 50 baza bəndi artıraraq 2.5%-ə qaldırmışdı.

İqtisadçıların fikrincə, avro zonasında inflyasiya ən azı daha iki il ərzində ECB-nin 2%-lik hədəfinin üzərində qalacaq. Orta hesabla, “FT” respondentləri qiymətlərin gələn il 6%-dən bir qədər çox, 2024-cü ildə isə təxminən 2.7% artacağını gözləyirlər.

Bu ayın əvvəlində ECB qiymət artımının gələn il orta hesabla 6.3%, 2024-cü ildə 3.4% və 2025-ci ildə 2.3% olacağını proqnozlaşdırmışdı.

Son xəbərlər
Digər xəbərlər