McDonald’s restoranlar şəbəkəsi, İsrailin süni intellekt texnologiyalarının inkişaf elətdirilməsi sahəsində ixtisaslaşan Dynamic Yield şirkətini alacağını elan edib. Banker.az xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat verib.
Razılaşmanın ümumi məbləği açıqlanmır, nəşrin verdiyi məlumata görə qiymət 300 milyon dollardan yuxarıdır.
McDonald’s, İsrail şirkətinin texnologiyasından şəxsi menyular hazırlanmasında istifadə edəcəyini söyləyib. Bu menyulardakı xörəklər hava şəraitindən, restoranın yüklü olub-olmamasından və digər faktorlardan asılı olaraq dəyişəcəkdir. Yəni, müştəri seçimindən çıxış edərək, süni intellekt ona əlavə təkliflər təqdim edəcəkdir.
Şirkət texnologiyanı 2018-ci ildə Amerikanın bir sıra restoranlarında sınaqdan keçirdiyini bildirib. 2019-cu ildə McDonald’s, ABŞ-dakı filiallarında Dynamic Yield texnologiyasını tətbiq etməyi və gələcəkdə onu digər ölkələrin bazarlarına çıxarmağı planlaşdırır. Şəbəkə bu texnologiya ilə özünün self-servis köşklərini və McDonald’s tətbiqini də təchiz edəcək.
Qəzetin qeyd etdiyi kimi restoran şəbəkəsi ilə bağlanmış bu müqavilə İsrail şirkətinin hazırkı müqavilələrinə təsir göstərməyəcək.