“Financial Times” (FT) xəbər verir ki, “Uber” robotaksi sahəsində artan rəqabət fonunda minlərlə pilotsuz avtomobilin alınmasına və bu texnologiyanı inkişaf etdirən şirkətlərdə pay əldə etməyə 10 milyard dollardan çox vəsait yatırıb.
Analitiklər hesab edir ki, bu investisiyalar Uber-in strategiyasının dəyişdiyini göstərir. Şirkət indiyədək əsasən minimal aktivlərə və şəxsi avtomobillərindən istifadə edən sürücülərə əsaslanan gig-iqtisadiyyat modeli ilə tanınırdı.
Son bir ildə “Uber” bir sıra iri sövdələşmələr bağlayıb və ondan çox şirkətlə tərəfdaşlıq elan edib. Bu tərəfdaşlar arasında Çinin “Baidu” və ABŞ-nin “Rivian” şirkəti də var. Bundan əlavə, “Uber” 2026-cı ildə ən azı 15 şəhərdə robotaksi xidmətlərini işə salmağı planlaşdırır.
Robotaksi bazarında möhkəmlənməyə çalışan “Uber” bu sahənin üç əsas oyunçusu — “Waymo”ya sahib olan “Alphabet”, “Tesla” və “Amazon”un bölməsi “Zoox” ilə rəqabət aparmalı olacaq.





