3 C
Baku
Saturday, December 14, 2024

Gələcək illərdə əsas hədəf kiçik sahibkarlıq üçün əlavə imkanlar yaratmaq olacaq

Azərbaycanda özəl sektorun dəstəklənməsi siyasəti davam edəcəkdir. Kiçik sahibkarlığın ümumi daxili məhsulumuzdakı payı hələ də çox aşağıdır. Gələcək illərdə əsas hədəfimiz kiçik sahibkarlıq üçün əlavə imkanlar yaratmaqdır ki, onlar yeni iş yerləri açsınlar və daha çox gəlir əldə etsinlər.

Bunu Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında ona ünvanlanmış suala cavabında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bir neçə il bundan əvvəl əsas hədəflərimizdən biri yoxsulluq və işsizliyin azaldılması idi. “Buna uğurla nail olundu. Yoxsulluq 5,4 faiz, işsizlik isə 5 faiz səviyyəsindədir. Son 15 il ərzində əhalimiz 1,5 milyon nəfər artmışdır və iş yerlərinin yaradılması bizim üçün daimi prosesdir. Ötən il biz 177 min daimi iş yeri yaratmışıq və bu, bizim siyasətimizi nümayiş etdirir. Neft-qaz sahəsi kifayət qədər iş yeri yaratmır və işsizliyin aşağı səviyyədə olması üçün biz təhsil, idarəçilik, kənd təsərrüfatı, turizm və xidmətlər sahəsinə diqqət yetirməliyik. Əhalimiz islahatlara hazırdır və islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır. İslahatlar ağır olmamışdır. Çünki radikal islahatlar həyata keçirilərkən ilkin mərhələdə əhali bundan əziyyət çəkir. Biz dövlət yardımına ehtiyacı olanlara geniş sosial dəstək təklif etdik. Ona görə də bu proses olduqca əngəlsiz keçdi. Qarşıdan gələn illərdə biz iki il bundan öncə başladığımız dərin və geniş islahatlar siyasətini davam etdirməliyik”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycanda sahibkarlığın dəstəklənməsi üçün xüsusi fondun fəaliyyət göstərdiyini bildirən dövlətimizin başçısı qeyd edib ki, son on ildə həmin fond vasitəsilə özəl sektora təqribən 2 milyard dollar həcmində vəsait verilib. Bu da olduqca sərfəli şərtlərlə, aşağı faizli kreditlərin verilməsi yolu ilə həyata keçirilib. Özəl sektora həm də müvafiq tövsiyələr verilir, dövlət dəstəyi göstərilir. Azərbaycanda regional inkişafa da xüsusi diqqət ayrılır. Bu gün regionların inkişafı ilə bağlı 3-cü dövlət proqramı icra edilir ki, bu da kiçik sahibkarlara bizneslə məşğul olmağa imkan yaradıb. İlk növbədə infrastruktur qurulur. 15 il ərzində 12 min kilometrdən artıq avtomobil yolları inşa olunub. Buraya kənd yolları da daxildir. Bu, həm xidmətlərə daha yaxşı çıxış əldə etməyə, eyni zamanda, fermerlərə məhsullarını bazara çıxarmağa imkan yaradıb.

Fermerlərin torpaq vergisindən başqa, digər vergilərdən azad olunduğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, onlar gübrənin qiymətinin 30 faizini və yanacağın qiymətinin 50 faizini ödəyirlər. Bu, biznes sahəsinə dövlətin göstərdiyi əhəmiyyətli dəstəkdir.

“Yəni, Azərbaycanda fermerlər üçün subsidiyalar və olduqca yaxşı investisiya mühiti var. Biz son 15 il ərzində 230 milyard dollar həcmində sərmayə cəlb etmişik və onun yarısı xarici, digər yarısı isə daxili sərmayədir. Bütün bunlar özəl sektora inkişaf üçün şərait yaratmışdır. Eyni zamanda, tədbirin əvvəlində qeyd etdiyim kimi, qonşular ilə çox yaxşı münasibətlərimiz onların bazarlarına çıxış təmin edir ki, bu da bizim qeyri-neft məhsullarımız üçün əsas bazarlardır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər