BANKER.AZ — ABB Özbəkistanda fəaliyyət göstərən “Davr Bank”da 51%-lik pay almağı planlaşdırır.
Bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov mayın 8-də keçirilən mətbuat konfransında bildirib. Bank eyni zamanda 2025-ci il üzrə 200 milyon manat dividend ödəyəcəyini və süni intellekt layihələrinə investisiyaları genişləndirdiyini açıqlayıb.
İştirak etdiyimiz tədbirdə ABB sədrinin ilk açıqlaması məhz səhmdarlara 2025-ci ilin xalis mənfəətindən 200 milyon manat dividend ödənilməsi ilə bağlı oldu. Bildirildi ki, ABB səhmdarları həmin dividendi 20 may tarixində əldə edə biləcəklər. Burada bir vacib faktı da qeyd edək ki, ABB dövlətin səhmdar olduğu və ardıcıl mənfəətlə işləyən azsaylı şirkətlərindəndir. Belə ki, 2020-2025-ci illər ərzində səhmdarlara ümumilikdə 943.6 milyon manat dividend ödənilib (150 milyon manat, 127 milyon manat, 125 milyon manat, 156.6 milyon manat, 185 milyon manat və 200 milyon manat). Bu, son beş ildə ölkədə həyata keçirilən ən iri dividend ödənişlərindəndir.
Sədr səhmlərin təkrar bazardakı mövcud volatilliyinə də toxunaraq bazarın nisbətən yeni formalaşmasının aktivliyə təsir etdiyini bildirdi. O, gələcəklə bağlı nikbin olduğunu da qeyd etdi. Sədrin sözlərinə görə, dividend gözləntiləri və güclü maliyyə göstəriciləri fonunda səhmlərin qiyməti yaydakı 0.25 qəpikdən 0.31 qəpiyə qədər yüksəlib. ABB-nin dividend gəlirlilik səviyyəsi nominal qiymətlə 15.6%-ə çatıb.
Sədr bildirib ki, ötən il bank tarixində ilk dəfə olaraq 30 mindən çox vətəndaşla gəlirlərini bölüşdürüb və səhmdarlara rekord məbləğdə — 200 milyon manat dividend ödənilib.
“Regionda belə bir bank yoxdur ki, ardıcıl olaraq hər il səhmdara dividend ödəsin. Ona görə düşünürəm ki, səhmlərin alışlarında aktivliyin artması zaman məsələsidir. Bu gün bizim səhmdarlar həmçinin indi yığılmış olan bölüşdürülməmiş mənfəətin də sahibləridirlər”, – deyə ABB-nin sədri İbrahimov əlavə etdi.
Bankın İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev isə səhmlərin gəlirliliyinin 31.6 faiz olduğunu qeyd edib: “Gəlirliliyin yarısını biz səhmdarlarla dividend kimi bölüşmüşük”.
ABB-nin maliyyə nəticələrinə gəlincə, bank 2025-ci ili 404.5 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticələri ilə müqayisədə 12%-dən çox artım deməkdir. 2025-ci ildə ABB-nin faiz gəlirlərində ötən illə müqayisədə 20%, qeyri-faiz gəlirlərində isə 43% artım baş verib. Bankın cəmi əməliyyat gəlirləri 1 milyard 655 milyon manata çatıb və əməliyyat gəlirlərində 26% artım qeydə alınıb.
Bankın kredit portfelində də əhəmiyyətli böyümə baş verib. Kredit portfeli ötən illə müqayisədə 12% artaraq 7 milyard 167 milyon manata çatıb. Biznes kreditləri 3 milyard 634 milyon manata yüksəlib, beləliklə ötən illə müqayisədə biznes kreditlərində də 14% artım qeydə alınıb. Bank dövlət büdcəsinə 352 milyon manat dividend, vergi və digər ödənişlər edib.
ÖZBƏKİSTANDA BANK ALINIR
Bundan əlavə ölkənin ən iri bankı Özbəkistandakı bazara daxil olmağı və genişlənən iqtisadi gözləntilər fonunda müsbət gözləntilərin olduğunu bildirdi. Bu istiqamətdə “Davr Bank” Səhmdar Cəmiyyətində 51 fazlik pay alır.
Müvafiq icazə prosedurları başa çatandan sonra ABB “Davr Bank”ın 51%-lik səhm paketini əldə edəcək. ABB səhmdarlarının Ümumi Yığıncağı bu məqama müsbət cavab verib.
Nəzarət səhm paketinin əldə olunması üçün səhmlərə 100 mln. dollarlıq investisiya edilməsi nəzərdə tutulur. Qeyd edək ki, “Davr Bank” 2001-ci ildə Ubaevlər ailəsi tərəfindən yaradılıb. Orta Asiyadakı bu bankın aktivləri təxminən 1 mlrd. ABŞ dolları təşkil edir. Bankın 1,4 milyon müştərisi, 43 filialı və müştəri xidmət mərkəzi mövcuddur. Abbas İbrahimovun sözlərinə görə, bank əsasən kiçik bizneslərlə işləyir və xarici maliyyə institutları ilə güclü əlaqələrə malikdir. O bildirib ki, “Davr Bank”ın 400 mln. ABŞ dollarından çox xarici maliyyələşməsi var.
Abbas İbrahimov Özbəkistanın gənc əmək bazarı və makroiqtisadi durumunu nəzərə alaraq bu bazarda müsbət perspektiv gördüyünü də dilə gətirdi: “ABB-nin investisiya üzrə inkişaf strategiyası təkcə bank sektoruna yatırımla bağlı deyil. Orta Asiya və Afrika ölkələrində ödəniş təşkilatlarına, fintexlərə və digər maliyyə təşkilatlarına yatırım edə bilərik. Amma hələlik bununla bağlı konkret planımız yoxdur”.
GƏLƏCƏK SÜNİ İNTELLEKTDƏDİR
Keçən ildən etibarən ABB müştərilərinə “AI-khan” və “AI-nur” adlı süni intellekt əsaslı səsli köməkçilər təqdim olunub. Virtual köməkçilər vasitəsilə bank əməliyyatlarını səsli komandalarla həyata keçirmək və suallara cavab almaq mümkün olub. Bankın son 3 ildə süni intellekt və data texnologiyaları sahəsində ciddi irəliləyişlər əldə etdiyini, 2025-ci ildə generativ və prediktiv modellərin sayının 180-ə yaxınlaşdığını bildirib. Bu həllər Bank üçün 35 milyon manata yaxın müsbət maliyyə təsiri yaradıb.
Bu arada Bankın müştəri sayı artıq 3.2 milyon nəfərə çatıb və aktiv müştərilər isə 1 milyon olmaqla illik 15% artıb ki, bu da rekorddur. Bank 2025-ci ildə əməliyyat təhlükəsizliyini əsas prioritetlərdən biri elan edib və yeni tədbirlərlə risklərin azaldıldığını bildirib. ABB mobile tətbiqində qeydiyyat prosesi gücləndirilib, SİMA identifikasiyası əlavə olunaraq ikili autentifikasiya tətbiq edilib. Bank həmçinin PCI DSS 4.0.1 beynəlxalq sertifikatını yenidən əldə edərək rəqəmsal sistem və proseslərin qlobal təhlükəsizlik standartlarına uyğunluğunu təsdiqləyib. “PCI DSS 4.0.1” – ödəniş kartı məlumatlarının qorunması üzrə beynəlxalq təhlükəsizlik standartıdır.
ABB sədrinin sözlərinə görə ümumilikdə süni intellekt layihələrinə 12 mln. manat investisiya edilib. Bura “Nvidia”nın yeni nəsil qrafik prosessoru B200 GPU alışı da daxildir.
“ABB-nin gələcəyini necə görürsünüz?” – sualına Abbas İbrahimov belə cavab verib: “Biz düşünürük ki, gələcəyin bankı süni intellekt texnologiyaları əsasında olmalıdır”.







