13 C
Baku
Saturday, April 27, 2024

Gələn ildən daşınmaz əmlakın icbari sığortası həyata keçiriləcək (BLOQ)

Qanun hansı maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası həyata keçirilir?

İcbari sığorta haqqında 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun 35.2. maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Dövlət qeydiyatına alınmış daşınmaz əmlak sayılır. Bura qaraclar, mağazalar, evlər, mənzillər və sair dövlət qeydìyyatına alınmış obyektlər aiddi.

İcbari sığorta nəticəsində nələr sığorta olunur?

Qanunun 35.1. maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Qanunun 36.1 maddəsində qeyd olunub:
Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:

1. yanğın, ildırım düşməsi;

2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;

3. elektrik naqillərində baş verən qısa qapanma;

4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;

5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;

6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;

7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi;

8. təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;

9. üçüncü şəxslərin hərəkətləri.

Yuxarıda qeyd olunanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir.
Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:

1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

2. sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;

3. hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;

4. qrunt sularının səviyyəsinin dəyişməsi;

5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

Kimlər daşınmaz əmlakını məcburi qaydada sığorta etdirməlidir?

Qanun 37 maddəsində qeyd olunur ki, faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir.
Burda bir məqam var. Faktiki sahibliyi deyəndə nə nəzərdə tutulur? Bu məqam tam qeyd olunmayıb. İndiki halda qeyd olunur ki, dövlət qeydiyyatına alınan yəni “kupçası” olan şəxslər. Digər hallarda məcburiliyi önəm daşımır.

Aşağıdakılar icbari sığortaya cəlb olunmur (maddə 35.3):

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş daşınmaz əmlak;

2. tikintisi başa çatmayan daşınmaz əmlak;

3. qəzalı vəziyyətdə olan daşınmaz əmlak;

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak.

Özbaşına tikinti

1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

Müqavilə hansı müddətə bağlanır?

Müqavilə sığorta təşkilatı ilə bağlanır və İcbari sığorta haqqında qanunun 8.2 maddəsinə əsasən icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır.
Müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur.
Sığorta təşkilatının seçimi vətəndaşın istəyi ilə bağlıdır.

Cərimələri hansı orqan edəcək?

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Fərmanın 4.4 qeyd olunub ki, qanunun 34-3.1-ci, 34-4.0.4-cü və 75-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortasına münasibətdə müvafiq yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsi və Azərbaycan Yaşıl Kartı üzrə isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir. Yəni əhaliyə cərimələri yerli icra hakimiyyətləri. Əgər şəxs kənddə yaşayırsa kənd icra nümayəndəsi tərəfindən tətbiq ediləcək. Təşkilatların cərimələnməsi işini isə Fövqəlada Hallar Nazirliyi həyata keçirəcək.

Müqavilə bağlanmadıqda cərimə nə qədər olacaq?

İnzibati Xətalar Məcəlləsinin 469.1. maddəsinə əsasən icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə –

fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir

Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

Yəni cərimə olunduqdan 20 gün müddət ərzində əmlakını sığorta etdirməlidir. Əks halda 20 gündən sonra yenə cərimələnəcək.

Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri nə qədərdi?

İcbari sığorta haqqında qanunun 40.2 maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydası, yaşayış evlərinə və mənzillərə münasibətdə sığorta məbləğinin 0,2 faizindən artıq olmamaq şərtilə müəyyən edilir. 39.3 maddəyə əsasən
1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat;

2. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat;

3. digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat

Misal -1. A şəxsin mənzili Bakı şəhərində yerləşir və sığorta olunub. Onun sığorta məbləği maksimum halda 50 manat ola bilər. Çünki hədd 25 000 və faizin maksimum dərəcəsi 0.2 faiz götürülüb 25 000 * 0.2% = 50 manat. Sığota şirkəti istəsə 0.1 faiz yəni 25 manat dəyərində tarif qoya bilər. Maksimum hədd 0.2% yəni 50 manatı keçməməlidir.
Misal -2. Şəxsin Bakı şəhərində olan mənzilinə 1000 manat dəyərində ziyan dəyib. Şəxs 50 manatlıq əmlakını sığorta etdirib. Qanuna əsasən zərərin 250 manat hissəsini özü qarşılamalıdır. Qalan 1000-250=750 manatı sığorta şirkəti qarşılayacaq.
Misal – 3. Şəxsin Bakı şəhərində yerləşən mənzilinə 30 250 manat dəyərində ziyan dəyib. Şəxs 50 manatlıq daşınmaz əmlakını sığorta etdirib. 25 000 sığorta şirkəti qarşılayacaq. Qalan qanuna əsasən zərərin 250 manat hissəsini və 30 000 – 25 000 = 5000 hissəsini özü qarşılamalıdır. Ümumilikdə 5250 manat ziyanı özü qarşılayacaq.
Misal -4. A şəxsin mənzili Sumqayıt şəhərində yerləşir və sığorta olunub. Onun sığorta məbləği maksimum halda 40 manat məbləğiņdə ola bilər. Çünki hədd 20 000 və faizin maksimum dərəcəsi 0.2 faiz götürülüb 20 000 * 0.2% = 40 manat. Sığota şirkəti istəsə 0.1 faiz yəni 20 manat dəyərində tarif qoya bilər. Maksimum hədd 0.2% yəni 40 manatı keçməməlidir.
Misal -5. A şəxsin Sumqayıt şəhərində yerləşən mənzilinə 1000 manat dəyərində ziyan dəyib. Şəxs 40 manatlıq əmlakını sığorta etdirib. Qanuna əsasən zərərin 200 manat hissəsini özü qarşılamalıdır. Qalan 1000-200=800 manatı sığorta şirkəti qarşılayacaq.
Misal – 6. Şəxsin Sumqayıt şəhərində 30 200 manat dəyərində mənzilinə ziyan dəyib. Şəxs 40 manatlıq əmlakını sığorta etdirib. 20 000 sığorta şirkəti qarşılayacaq. Qalan qanuna əsasən zərərin 200 manat hissəsini və 30 000 – 20 000 = 10 000 hissəsini özü qarşılamalıdır. Ümumilikdə 10200 manat ziyanı özü qarşılayacaq.

P.S. bu Gəncə və Naxçıvana da aiddir.

Misal -7. A şəxsin mənzili Şirvan şəhərində yerləşir və sığorta olunub. Onun sığorta məbləği maksimum halda 30 manat məbləğiņdə ola bilər. Çünki hədd 15 000 və faizin maksimum dərəcəsi 0.2 faiz götürülüb 15 000 * 0.2% = 30 manat. Sığota şirkəti istəsə 0.1 faiz yəni 15 manat dəyərində tarif qoya bilər. Maksimum hədd 0.2% yəni 30 manatı keçməməlidir.
Misal -8. Şəxsin Şirvan şəhərində 1000 manat dəyərində mənzilinə ziyan dəyib. Şəxs 30 manatlıq əmlakını sığorta etdirib. Qanuna əsasən zərərin 150 manat hissəsini özü qarşılamalıdır. Qalan 1000-150=850 manatı sığorta şirkəti qarşılayacaq.
Misal – 9. Şəxsin Şirvan şəhərində 30 150 manat dəyərində mənzilinə ziyan dəyib. Şəxs 30 manatlıq əmlakını sığorta etdirib. 15 000 sığorta şirkəti qarşılayacaq. Qalan qanuna əsasən zərərin 150 manat hissəsini və 30 000 – 15 000 = 15 000 hissəsini özü qarşılamalıdır. Ümumilikdə 15150 manat ziyanı özü qarşılayacaq.

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı güzəşt kimlər üçün nəzərdə tutulub?

İcbari sığorta haqqında qanunun 40.3 maddəsinə əsasən aşağıdakı şəxslər üçün güzəşt nəzərdə tutulub:
Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir.

Rauf Qarayev, iqtisadçı – ekspert.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər