Azərbaycanlı gənc Eyvaz Hüseynovun Türkiyə və Avstraliyadan olan tərəfdaşları ilə birgə yaratdığı startap Çili dövlətinin diqqətini cəlb edib və layihənin maliyyəsini öz üzərinə götürüb.
Bu layihə səfərə gedən səyahətçilərlə başqa bir ölkədən məhsul almaq istəyən müştəriləri bir araya gətirən platformadır. Burada ünsiyyət quran səhayətçi və müştərilər müxtəlif ölkələrdən istədikləri məhsulu asanlıqla əldə edə bilir. Hazırda Latın Amerikası, Türkiyə, Yaxın Şərq, Şimali Afrika bazarında genişlənən layihənin Türkiyə, Çili və Avstraliyada mərkəzləri var. Eyvaz Hüseynovun sözlərinə görə daha bir mərkəzin Bakıda açılması planlaşdırılır və bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə danışıqlar aparılır.
Qeyd edək ki, 26 yaşlı Eyvaz Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetində oxuyub, daha sonra təhsilini Türkiyədə davam etdirib və artıq bir ildir ki, Çilidə yaşayır.
Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun keçirdiyi II Yay Düşərgəsinin iştirakçısıdır. E.Hüseynov düşərgəinin müxtəlif ölkələrdə yaşayan gənc soydaşlarımızla şəbəkə qurmaq, eləcə də Çilidəki çox az sayda olan həmyerlilərimizlə bərabər Azərbaycan diasporunu formalaşdırmaq baxımından faydalı olacağını düşünür.
Modern.az