10 C
Baku
Thursday, December 12, 2024

Gecə vaxtı işləməyə görə əməkhaqqına əlavələr necə hesablanır?

Bəzi müəssisələrdə xüsusi şəraitdə görülən işlərə görə əməkhaqqına qanuvericliklə müəyyənləşdirilmiş əlavələr hesablanır. Bu əlavələrdən biri də gecə vaxtı görülən işlər üçün nəzərdə tutulub. Banker.az xəbər verir ki, mövzunu “vergiler.az”a Vəkillər Kollegiyasının üzvü, “LCG” vəkil bürosunun vəkili Əmiraslan Yusifov şərh edib.

Gecə vaxtı görülən işə görə əməkhaqqına əlavələrin hesablanması üçün öncə “gecə vaxtı” anlayışını dəqiqləşdirməliyik. Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, gecə vaxtı – saat 22-dən səhər saat 6-dək olan müddətdir. Bu vaxt ərzində görülən işlər üçün əməkhaqqına əlavələr hesablanmalıdır. İndi isə bu əlavələrin necə hesablanmasına nəzər yetirək.

Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarının 1-ci maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir.

Bu qərarın daha aydın başa düşülməsi üçün Ədliyyə Nazirliyi ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə izahatı da mövcuddur. Burada 3 cür faiz hesablanması nəzərdə tutulduğundan bu faiz hesablamalarını bir-birindən ayıra bilməliyik. Ən əsas fərq “gecə vaxtı” ilə “gecə növbəsi” anlayışları arasındadır. Gecə vaxtı saat 22-dən səhər 6-dək olan müddətdir, gecə növbəsi isə saatlarının yarısı gecə vaxtına düşən növbədir, ondan öncə gələn növbə isə başlama vaxtından asılı olmayaraq axşam növbəsi adlanır. Gecə növbəsi çoxnövbəlilik sistemi olan yerlərdə tətbiq olunur. Burada isə hər bir növbənin saatı 8 saatdan artıq olmamalıdır. Yəni bir iş yerində 8 saatdan artıq, məsələn 12 saatlıq iki növbə yaradılıbsa, bu zaman bu növbələrə gecə və axşam növbəsinə tətbiq edilən faizlər hesablanmır, yalnız gecə vaxtına tətbiq edilən faizlər hesablanır. Yuxarıda qeyd etdiklərimizə əsasən, belə bir qrafik tərtib edə bilərik:

Müddətin adı İzahı Əlavə haqq
Gecə vaxtı Saat 22-dən səhər saat 6-dək olan müddət Saatlıq tarif (vəzifə) maaşının 20%-i
Gecə növbəsi Saatlarının yarısı gecə vaxtına düşən növbə Saatlıq tarif (vəzifə) maaşının 40%-i
Axşam növbəsi Başlama vaxtından asılı olmayaraq gecə növbəsindən öncə gələn növbə Saatlıq tarif (vəzifə) maaşının 20%-i

 

Misal: Mühafizə xidməti göstərən şirkətdə işçilər yalnız gecə vaxtında çalışır. Yəni mühafizə xidməti üçün ayrıca çoxnövbəli qrafik təyin edilməyib. Bu zaman mühafizəçilərin gecə vaxtına düşən hər saatı üçün əməkhaqqına əlavə 20% hesablanacaq. Əgər mühafizəçilərin iş rejimi üçün hər növbəsi 8 saatdan çox olmamaqla çoxnövbəli iş qrafiki təyin edilmişdirsə, bu zaman gecə növbəsi əlavə 40%, axşam növbəsi əlavə 20%, digər növbə isə əlavəsiz əməkhaqqı alacaq.

Son xəbərlər
Digər xəbərlər