İlqar İbrahimli 1 iyun 2023-cü il tarixindən etibarən “GL LTD” MMC şirkətinin Baş icraçı direktorunun tabeliyində Hökumət və ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsinə təyin edilib.
Banker.az bu barədə “GL LTD”nin açıqlamasına istinad edir.
İlqar İbrahimli dövlət orqanları, beynəlxalq təşkilatlar və biznesdə 20 ildən çox təcrübəsi olan, hökumətlə əlaqələrin və strateji münasibətlərin qurulması üzrə böyük nailiyyətlər qazanmış peşəkardır.
“GL LTD” şirkətindən əvvəl o, uzun müddət ATƏT-in Mərkəzi Asiyada ən böyük missiyası olan ATƏT-in Düşənbədəki Proqram Ofisində Baş müşavir vəzifəsində çalışıb. İlqar siyasi-hərbi, iqtisadi-ekoloji və humanitar təhlükəsizlik üzrə proqramların tətbiqi vasitəsilə Ofisin siyasi mandatının icrası üçün strateji liderliyin təmin olunması və məsləhətlərin verilməsi prosesinə rəhbərlik edib. O, “Azərfon” MMC-də Marketinq və kommunikasiya üzrə direktor və eləcə də Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin direktoru vəzifələrində çalışmışdır.
İ.İbrahimli Bakı Dövlət Universitetində tarix üzrə bakalavr, Avropa və Amerikanın yeni və ən yeni tarixi üzrə magistr təhsili alıb.
O, peşə fəaliyyətinə Azərbaycanın Milli Televiziya və Radio Şurasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri qismində başlayıb.
Xatırladaq ki, “GL LTD” MMC 2019-cu ilin aprelində yaradılıb və “GL International LTD”nin törəmə şirkətidir. 2021-ci il dekabrın 14-də Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar SOCAR ilə “GL International LTD” MMC (“GL LTD”) arasında Risk Xidmət Sazişi bağlanmışdır.