6 C
Baku
Sunday, December 15, 2024

“Goldman Sachs” bankı “Apple”a görə milyardlar itirir? – Araşdırma

Dünya mediası “Apple ilə əməkdaşlıq məşhur investisiya bankı Goldman Sachs-a 1.2 milyard dollar zərər vurub” kimi başlıqlar yazır. Əslində, vəziyyət tam belə deyil. Pərakəndə kreditləşmənin əsaslarını xatırlayaraq, nə baş verdiyinə nəzər salaq.

Necə oldu ki, “Goldman” bankı riteylerə çevrildi?

“Goldman Sachs”  həqiqətən əfsanəvi bankdır. Əslində o, investisiya bankçılığı anlayışının sinonimidir. Məhz “Goldman” bankı böyük şirkətlərə çoxmilyardlıq müqavilələr bağlamağa və kapitalı effektiv şəkildə investisiya etməyə kömək edir.

Lakin son vaxtlara qədər “Goldman” pərakəndə bankçılıqda təmsil olunmurdu. O, kart buraxmırdı, kredit vermirdi.

2016-cı ildə bank ilk pərakəndə layihəsini – şirkətin təsisçisi Markus Qoldmanın adını daşıyan neobank “Marcus”u işə saldı. Neobankın əsas üstünlüyü əksər rəqiblərindən daha yüksək əmanət gəliri idi.

“Marcus” kifayət qədər uğurlu layihədir – üç illik fəaliyyətdən sonra onun portfelində 80 milyard dollar depoziti var idi.

Lakin Qoldmanlar daha çox şey əldə etmək istəyirdilər və 2019-cu ildə belə bir fürsət yarandı.

“Goldman” və “Apple”ın əməkdaşlığı

2010-cu illərin ikinci yarısında “Apple”ın rəhbərliyi onların tam hüquqlu ekosistem olduğunu başa düşdü. “Apple”ın mərkəzində bir cihaz dayanır, hansının ki ətrafında müxtəlif məhsul və xidmətlər inkişaf etdirmək, sonra isə loyal (çox loyal) müştəri bazasından qazanc əldə etmək mümkün olur.

Bildiyimiz kimi, istənilən normal ekosistemin öz maliyyə məhsulu olmalıdır. Buna görə də, 2019-cu ilin yayında korporasiya “Apple Card” kredit kartını istifadəyə vermək qərarına gəldi – onların sevimli, əziz müştəriləri yeni iPhone almamaq üçün daha az bəhanə gətirsin deyə.

Lakin “Apple” bank deyil, ona görə də o, texniki məsələləri yüksək profilli brendə malik peşəkarlara həvalə etdi. Başqa sözlə desək, “Goldman Sachs” və “Apple” əməkdaşlıq etməyə başladı.

“Apple Card” müştərilərə müxtəlif imtiyazlar verirdi – pulsuz buraxılış və texniki xidmət, etibarlılıq və məxfilik və təbii ki, unikallıq. “Goldman” kredit limitlərinin yaradılması və idarə edilməsi, fəaliyyət növlərinin lisenziyalaşdırılması və digər məsələləri öz üzərində götürürdü. Üstəlik, “pis” borcları ehtiyatda saxlamaq öhdəliyini yerinə yetirəcəyinə zəmanət verdi.

Nəticə etibarilə, şirkətlər arasında “win-win” tərəfdaşlığı quruldu. “Apple” öz ekosistemini qabaqcıl maliyyə məhsulu ilə tamamladı və müştərilərinin ödəmə qabiliyyətini genişləndirdi, “Goldman Sachs” isə “Apple”ın ödəmə qabiliyyətli müştəriləri ələ keçirmək fürsətini qazandı.

Üç il boyunca “Apple Card” ABŞ bazarında uğurla inkişaf etdi. 2022-ci ilin əvvəlində təxminən 7 milyon amerikalı bu karta sahib idi. Bank sahəsində uğur dalğasında olan “Apple” hətta öz BNPL xidmətini işə salmağa qərar verdi.

Bununla belə, bir ay əvvəl maliyyə mediası “Apple Card Goldman Sachs-a 1.2 milyard dollar zərər gətirdi” başlıqları ilə doldu. Formal olaraq KİV həqiqəti danışır, eyni zamanda, faktların təqdimat tərzi oxucularda baş verənlərlə bağlı yanlış təsəvvür yaradır.

Banklar kredit kartlarla necə işləyir?

Zərər haqqında tezisin niyə düzgün olmadığını başa düşmək üçün bankın iş mexanizmlərinə nəzər yetirmək lazımdır. Daha dəqiq desək, onun risklərlə necə işləməyinə.

Hər hansı bir maliyyə qurumu kredit məhsulları ilə məşğul olursa, mütləq olaraq kredit əməliyyatlarının təsnifatını həyata keçirir. Bunu bütün banklar (bəzən bank olmayan təşkilatlar da) edir.

Bu cür qiymətləndirmələr kredit komponenti olan bütün və ya demək olar ki, bütün məhsullar üçün edilir.

Kredit kartının necə işlədiyi haqqında bir kəlmə deyək. Birincisi, hər bir kredit kartının mərkəzində kredit xətti dayanır. Kredit xətti – bankın sizə müəyyən müddətə borc verməyə hazır olduğu bir məbləğdir.

Məsələn, ayda 5 min dollar limiti olan kredit xəttini götürək. Bu o deməkdir ki, hər ay bank sizə 5 min dollar borc verir. Siz bu məbləği həm bir dəfəyə, həm də hissə-hissə götürə bilərsiniz. Təbii ki, bu pul sizə pulsuz deyil, faizlə verilir. Güzəşt müddətini keçdikdə, banka əlavə faiz ödəməlisiniz. Güzəşt müddəti – kredit vəsaitlərini pulsuz istifadə edə biləcəyiniz vaxtdır.

Kredit kartından ağıllı şəkildə istifadə edirsinizsə, faiz ödəməkdən qaça və müxtəlif bonuslardan faydalana bilərsiniz. Müştəriyə kredit kartı verildikdə, bank borcalanın skorinqini həyata keçirir. Adətən bunun üçün insanın bütün mövcud xüsusiyyətlərini (yaşı, əməkhaqqı səviyyəsi, kredit tarixçəsi və digər fərqli parametrlər) nəzərə alan böyük skorinq modeli işə yarayır.

Təbii ki, müştəri təkcə kartı alanda deyil, həm də ondan istifadə edəndə skorinq edilir. Belə ki, bank əvvəlcə müştərinin ödəmə qabiliyyətini yanlış qiymətləndirə, sonra isə borcu müntəzəm olaraq vaxtında ödədiyini görə bilər. Bu halda o, qızıl müştəri hesab olunur və bank ona əlavə eksklüziv imtiyazlar verir.

Əsas şey – “pis” borclar üzrə ehtiyatlar dedikdə, nə başa düşülür?

Bütün ölkələr acı təcrübədən öyrəniblər ki, bankları diqqətlə izləmək lazımdır. Buna görə də adekvat ölkələrin mərkəzi bankları və oxşar maliyyə institutları “pis” borcların məcburi ehtiyatları konsepsiyasını tətbiq edirlər.

Bu, fərqli adlandırıla bilər, amma mahiyyət eynidir:

Məcburi ehtiyatlar (loan-loss provisions) – bankın “pis” hesab etdiyi borcun qaytarılmadığı halda kənara qoymalı olduğu bir şeydir. Bu, pul və ya öhdəlik ola bilər.

“Pis” borcların ehtiyatları hesabatda (gəlir hesabatında) “mənfi” işarəsi ilə qeyd olunur. Hesabat investorlar tərəfindən izlənilir və mediada təhlil olunur. Ancaq başa düşdüyünüz kimi, maliyyə hesabatları nöqteyi-nəzərindən bu, zərər olsa da, əslində elə deyil. Əgər müştəri defolt vəziyyətinə düşərsə (ölərsə, özünü müflis elan edərsə), bu ehtiyatlar real itkiyə çevrilir. Lakin müştəri nəticə etibarilə borcunu qaytararsa, bank ehtiyatları korreksiya edir və heç bir itki baş vermir.

Apple və Goldman-a qayıdaq

Bəs “Apple”ın “Goldman”a zərər vurduğu 1.2 milyard dollarlıq zərər nə deməkdir? Bu o deməkdir ki, 2022-ci ilin əvvəlində “Goldman” bankının əməkdaşları öz qiymətləndirmə meyarlarını tətbiq edərək, “pis” borcların miqdarını proqnoz ediblər. Əldə etdikləri rəqəmləri nəzərə alaraq, ehtiyat formalaşdırıblar.

İl ərzində dünya iqtisadiyyatında vəziyyət xeyli çətinləşdi və bir çox insanın iqtisadi rifahı pisləşdi. Ona görə də “pis” borclar nəzərdə tutulduğundan xeyli çox oldu. Daha sadə desək, “Goldman” etiraf etdi ki, “pis” borcların ehtiyatları 1.2 milyard dollara çata bilər.

Birincisi, bu, “Goldman”ın bu pulu həqiqətən itirdiyi anlamına gəlmir. Onlar “dondurulub”, lakin itirilməyib.

İkincisi, bu o deməkdir ki, bankın metodologiyasına uyğun olaraq, pis ssenari baş verərsə, o, bu itkiləri tanımağa hazırdır.

Bu hekayədən iki nəticə çıxarmaq olar:

Birincisi, dünyada həqiqətən də ciddi tənəzzül var və onun tezliklə başa çatması mümkün deyil. Əks təqdirdə, Qoldmanlar öz hesabatları ilə çətin ki, buna səs verərdilər.

İkincisi, “Apple” məhsulunu çox yaxşı konfiqurasiya edib. Şərait elə gətirib ki, şirkət öz ekosistemini parlaq maliyyə məhsulu ilə tamamlamağı bacarıb və bütün xərcləri “texniki tərəfdaşın” üzərinə yükləyib.

Nəticə

Görünür, media yalan demir. Ehtiyatlar itki hesab olunurmu? Olunur. Hesabata daxildirmi? Daxildir. “Apple”ın kredit kartına görəmi? Bəli.

Lakin maliyyə mediası, ekspertlər və analitiklər konteksti təqdim etmirlər, bu isə zəruridir. Və belə çıxır ki, düzgün görünən tezislərdən böyük əksəriyyət yanlış nəticə çıxaracaq. Məsələn, onlar “Apple Card”ın uğursuz maliyyə məhsulu olduğunu düşünəcəklər, bu isə kökündən doğru deyil.

Son xəbərlər
Digər xəbərlər