“Goldman Sachs” hesab edir ki, İranla müharibənin nəticələrinin zəifləməsi və Hörmüz boğazı vasitəsilə yük daşımalarının bərpası fonunda qlobal neft bazarında yenidən təklif artıqlığı yaranacaq.
Bankın qlobal xammal araşdırmaları şöbəsinin həmsədri Samanta Dart “Bloomberg TV”yə müsahibəsində bildirib ki, strateji ehtiyatların artırılması üçün neft alışları bazardakı vəziyyəti müəyyən qədər sərtləşdirsə də, gözlənilən təklif artıqlığını yalnız qismən kompensasiya edəcək.
Onun sözlərinə görə, ABŞ-dən enerji ixracının və Çinə idxalın sabit qalması səbəbindən bazarlar Hörmüz boğazındakı gərginliyə ciddi reaksiya verməyib və bu, neft bazarının düzgün istiqamətdə inkişaf etdiyini göstərir.
ABŞ və İran arasında müvəqqəti sülh sazişinin əldə olunmasından və dəniz daşımalarının bərpa olunmasından sonra neft qiymətləri ikinci rübdə təxminən 30% azalaraq münaqişə dövründə əldə edilən bütün qazancları silib.
Böhranın ilk həftələrində Beynəlxalq Enerji Agentliyi qiymətləri sabitləşdirmək və tədarükü təmin etmək məqsədilə inkişaf etmiş ölkələrin fövqəladə ehtiyatlarından rekord həcmdə – 400 milyon barel neftin bazara çıxarılmasını əlaqələndirib. İndi isə bu ehtiyatların yenidən bərpasına ehtiyac yaranıb.
Bu təşəbbüs çərçivəsində ABŞ administrasiyası ölkənin fövqəladə neft ehtiyatlarından tifadə edib. Rəsmi məlumatlara görə, ehtiyatların həcmi fevralın sonundakı 415 milyon bareldən iyunun 19-na olan vəziyyətə görə 331 milyon barelə düşüb. Bu, 1983-cü ildən bəri ən aşağı göstəricidir.
“Goldman Sachs”ın bazarda daha əlverişli şəraitin bərpa olunacağına dair proqnozu “Morgan Stanley” analitiklərinin gözləntiləri ilə üst-üstə düşür. Bank son iki həftədən bir qədər çox müddətdə neft qiymətləri ilə bağlı proqnozlarını iki dəfə aşağı salıb.
Son günlər iki gəmiyə hücum edilməsinə baxmayaraq, Hörmüz boğazından keçən gəmi trafiki artmaqda davam edir. Eyni zamanda, İran boğazdakı hərəkətə nəzarət etmək niyyətini, ehtimal ki, Omanla birlikdə, bir daha təsdiqləyib.
Tranzit rüsumlarının tətbiqi ilə bağlı suala cavab verən Samanta Dart bildirib ki, şirkətlər üçün əsas problem ödənişin məbləği deyil, tənzimləmə ilə bağlı qeyri-müəyyənlikdir.
Onun sözlərinə görə, əvvəllər qeyri-rəsmi olaraq bir barel üçün təxminən 1 dollar məbləğində ödəniş müzakirə olunurdu ki, bu da neft qiymətlərinin gündəlik dəyişkənliyindən ciddi şəkildə fərqlənmir.






