Dövlət Gömrük Komitəsi “Carlsberg Azerbaijan” MMC barədə inzibati protokol tərtib edib.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Bakı-Pivə” istehsalat birliyinə məxsus Xırdalan şəhərindəki pivəbişirmə zavodu 1969-cu ildə istismara verilib. Həmin dövrdə o, SSSR-nin altı ən iri pivəbişirmə müəssisələrindən biri olub.
1997-ci ildə zavod Fransanın “Group Castel” konserninin idarəsinə verilib.
2008-ci ilin may ayında “Carlsberg Group”a aid olan “Baltika” şirkəti ilə “Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern)” arasında “Bakı-Kastel” pivəbişirmə zavodunun alınması barədə razılaşma imzalanıb, bundan sonra zavod “Baltika” şirkətinin tərkibinə daxil olub.
2009-cu ilin əvvəlindən zavodun adı dəyişdirilərək “Baltika-Bakı” adlandırılıb.
2017-ci ilin fevral ayında zavodun adı dəyişdirilərək “Carlsberg Azerbaijan” adlandırılıb.