2 C
Baku
Saturday, December 14, 2024

Gömrüyün vəzifəli şəxsi cinayət başında yaxalandı: kargo şirkəti ilə qanunsuz məsələyə görə

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Bu barədə Banker.az-a Baş prokurorluqdan məlumat daxil olub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan “Gate Est Group” MMC və “İnterlogistics” MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi ümumilikdə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu 23 iyun 2020-ci il tarixdə alarkən cinayət başında yaxalanmışdır.

Faktla bağlı cinayət işi başlanılaraq Ceyhun Babayev tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi və Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyyə edir.

Son xəbərlər
Digər xəbərlər