“Google” şirkətinin daxil olduğu “Alphabet Holding” “Project Wing” layihəsi çərçivəsində məhsulların ünvanlara dronla çatdırılması sisteminin sınaqları üçün dövlət orqanlarından rəsmi icazə alıb.
“The Guardian”-nın verdiyi xəbərə görə, sınaqlar Mülki Aviasiya üzrə Federal İdarə (FAA) tərəfindən müəyyən olunmuş 6 zonadan birində keçiriləcək.
Bu, pilotsuz uçuş aparatlarının tətbiqi imkanlarının öyrənilməsinə dair hökumət proqramının tərkib hissəsi olacaq. Proqramın həyata keçirilməsi üçün qarşıdakı 5 ildə 35 milyon dollar xərclənəcək. “Wing” dronlarının sınaqları sifariş olunan malları ünvanlara çatdıran pilotsuz uçuş aparatlarının istismarına dair qanunvericiliyin hazırlanması işində, eləcə də bu tip aparatların operatorlarına dair tələblərin müəyyənləşdirilməsində hakimiyyət orqanlarına kömək edəcək.
Qeyd edək ki, “Project Wing“ çərçivəsində yaradılmış dronların sınaqlarına “Google” hələ 2014-cü ilin avqustunda başlayıb. “Wing” dronu zahiri görünüşünə görə təyyarəyə bənzəyir. Onun qanadlarının uzunluğu 1,5 metrdir və 4 elektrik mühərriki ilə təchiz olunub. Aparatın ağırlığı 8,5 kiloqramdır. Dron vertikal şəkildə havaya qalxır, sonra havada çevrilir. Bu aparat dron-multikopterlərdən daha çox məsafə qət edə bilir.
Lent.az