“Google” şirkəti fərdi istifadəçilər üçün istifadəyə verdiyi “Google+” sosial şəbəkəsini bağlayır.
Banker.az AzerTag-a şirkətin saytına istinadla xəbər verir ki, şirkətin bu addımı sosial şəbəkənin populyarlığının az olması ilə bağlıdır.
Şirkətin məlumatında qeyd olunur ki, sosial şəbəkə istifadəçiləri öz məlumatlarını on ay müddətində digər platformalara köçürə bilərlər. “Google+” sosial şəbəkəsi tam olaraq öz fəaliyyətini 2019-cu ilin avqustunda dayandıracaq.
“Google+” 2011-ci ildə “Google Profiles” xidmətinin bazasında istifadəyə verilib. 2012-ci ildən etibarən 13 yaşından yuxarı bütün istifadəçilər bu sosial şəbəkədə sərbəst şəkildə qeydiyyatdan keçə bilib. Şirkət bundan əvvəl açdığı “Orkut” adlı sosial şəbəkəni də 2014-cü ildə eyni səbəbdən bağlayıb.