Google şirkətinin mühəndisləri süni zəka və 3D texnologiyalar vasitəsilə ağciyər xərçənginin dəqiq diaqnozunu reallaşdıran sistemi yaradıblar. Həmin sistem ağciyər xərçəngini sertifikatlaşdırılmış professional həkimdən daha yaxşı təyin edir. Bu barədə Rusbase saytı xəbər verib. Tədqiqatların aparılması üçün Google mütəxəssislərinə lazımi məlumatları səhiyyə departamenti və ABŞ-ın Şimal-Qərbi Universiteti təqdim ediblər.
Döş qəfəsinin kompüter tomoqrafiyası vasitəsilə edilmiş 46.000 fotosu sayəsində mühəndislər süni zəkaya ağciyərlərdə zərərli bağlantıların təyin olunmasını və diaqnostika nəticələrinin 3D formatda təqdim edilməsini öyrədiblər. Pasientin müəyyən vaxtlarda edilmiş bir neçə döş qəfəsi fotosuna sahib olduğu hallarda da süni zəka sistemi onları analiz edərək ağciyərlərdə zərərli bağlantıların yaranıb-yaranmamasını təyin edə bilib.
Sistemin nəticələrinin yoxlanılması üçün döş qəfəsi fotoları 6 nəfər sertifikatlaşdırılmış professional radioloq tərəfindən incələnib. Diaqnozun bir foto əsasında təyin olunması halında da süni zəka sistemi öz işinin öhdəsindən insanlardan daha yaxşı gəlib. “Bu sistem xərçəng ehtimalını 5% daha çox təyin etməyi bacarıb və yanlış diaqnozların təyin edilməsi ehtimalını 11% aşağı salıb” – deyə Google şirkəti bildirib. Google şirkətinin süni zəka şöbəsi öz texnologiyalarını 2017-ci ildən bəri tibb sahəsində tətbiq edir.