İT-nəhəngi “Google”un qurucuları Larri Peyc və Serqey Brin sərvəti 100 milyard dollar və ya daha çox olduğu təxmin edilən varlılar klubuna daxil olublar.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Qeyd edək ki, dünyada sərvəti 100 milyard dollardan çox olan cəmi səkkiz insan var.
“Bloomberg Billionaires Index”in 12 aprel tarixinə olan məlumatına görə, Larri Peyc 104 milyard dollar, Serqey Brin isə 100 milyard dollar sərvətə sahibdir. Bir ildə onların sərvətləri müvafiq olaraq 21.2 milyard dollar və 20.48 milyard dollar artmışdır.
Ümumiyyətlə, 100 milyard dollar sərhədini keçən ilk insan 1999-cu ildə Bill Qeyts olmuşdur. 2017-ci ildə onun uğurunu “Amazon”un qurucusu Ceff Bezos təkrar etmişdir. Hal-hazırda dünyanın ən varlı adamının sərvəti 197 milyard dollar, Qeytsin sərvəti isə 145 milyard dollar dəyərində qiymətləndirilir.
Onlardan əlavə, ilk səkkizliyə həmçinin “Tesla” və “SpaceX”in sahibi İlon Mask (175 milyard dollar), “LVMH” qrupunun rəhbəri Bernar Arno və ailəsi (132 milyard dollar), 2Facebook”un qurucusu Mark Çukerberq (118 milyard dollar) və “Berkshire Hathaway” investisiya şirkətinin rəhbəri Uorren Baffet (101 milyard dollar) daxil olub.
Dünyanın ən varlı səkkiz adamının ümumi sərvəti 1.07 trilyon dollardır. 2021-ci ilin dörd ayında milyarderlərin sərvəti 110 milyard dollar artıb.
Bir neçə gün əvvəl “Oracle” şirkətinin qurucusu Larri Ellisonun sərvəti də 100 milyard dolları keçib. Lakin qiymətli kağızların ucuzlaşmağa başlaması ilə milyarderin varidatı 89.3 milyard dollara düşüb.