8 C
Baku
Monday, November 18, 2024

Göyçayın icra başçısının həbsdə olan köməkçisi bəraət alaraq azadlığa çıxıb

Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayev barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

Şəki Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

 

Hakim İmanverdi Şükürovun sədrlik etdiyi hakimlər heyəti Vahid İsayevə qarşı irəli sürülmüş ittihamların əsassız olduğu, kifayət qədər dəlil və sübutlarla təsdiqini tapmadığı qənaətinə gəlib.

Qərara əsasən, Vahid İsayevə bəraət verilib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

Ona qarşı ilk olaraq Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Sabiq icra nümayəndəsi barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilib, 40 gün sonra ev dustaqlığına buraxılıb.

İbtidai araşdırmanın sonunda təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 178-ci( dələduzluq) maddəsinə tövsif edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid İsayevə Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib. O, eyni məcəllənin 312.2 (rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Vahid İsayevlə birgə həbs olunmuş Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürova bir müddət əvvəl şərti cəza verilib.

Vahid İsayev 15 il ərzində Göyçayda 5 icra başçısının, o cümlədən Mehdi Səlimzadənin köməkçisi vəzifəsində çalışıb.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər