-3 C
Baku
Sunday, December 15, 2024

“Grand-Agro Invitro” MMC Azərbaycan tarixində ilkə imza atır – Xaricə calaqaltı ixracına başlayır

Azərbaycanda ting yetişdirmə sektorunda innovativ texnologiyadan istifadə edən “Grand-Agro Invitro” MMC ölkə tarixində ilk dəfə Qırğızıstana calaqaltılar ixracına başlayır. Bu, təkcə şirkətin tarixində deyil, Azərbaycan tarixində də ilk hadisədir.

Şirkət ümumi həcmi 100 min ədəd olan müxtəlif növdə calaqaltıları Orta Asiya ölkəsinə ixrac etməklə ölkənin qeyri-neft, o cümlədən kənd təsərrüfatına dəstək olmuş olur.

“Grand-Agro Invitro” MMC 2017-ci ildən fəaliyyətə başlamış, aqrar sektorda əsas şirkətlərdən birinə çevrilən “Agro Food Investments” MMC-nin törəmə müəssisəsidir. Hazırda, Bakının Türkan qəsəbəsi ərazisində iri tingçilik üzrə kompleksə sahibdir.

“Grand-Agro Invitro” 3 mühüm istehsal bölməsini əhatə edir. Burada,

  • Mikroçoxaltmanın həyata keçirildiyi, müasir texnologiyalarla təchiz olunmuş bitki toxuma laboratoriyası;
  • Tinglərin əkildiyi, avtomatlaşdırılmış xüsusi istixana kompleksi;
  • Formalaşmış tinglərin adaptasiya məqsədli köçürüldüyü tor örtüklü açıq sahələr mövcuddur.

Bu bazar Azərbaycanda son illərdə ölkə başçısının xüsusi diqqəti ilə inkişaf etməyə başlamış və adıçəkilən şirkət isə bu sahədə Cənubi Qafqaz regionunun mikroçoxaltma ilə klon calaqaltılar və müxtəlif bitkilər yetişdirən ən böyük aqrar şirkətidir.

Dünya bazarında hazırda tingçilik üzrə ixtisaslaşan bir neçə ölkə var ki, onların ixracı milyonlarla valyuta gətirir. Bura Niderland, İtaliya, ABŞ, İspaniya kimi ölkələri nümunə çəkmək olar.

“Grand-Agro Invitro”dan bildirilir ki, hazırda daxili bazarın müəyyən hissəsini həm calaqaltı, həm də meyvə tingləri ilə təmin edirlər. 

İndi isə əsas məqsədlərdən biri xarici bazara ixracı yüksəltməklə, bu sahə üzrə Azərbaycan brendini formalaşdırmaqdır.

“Grand-Agro Invitro” MMC-nin İcraçı Direktoru Taleh Zeynalov Banker.az-a açıqlama verərək deyir ki, xaricə ixrac ediləcək məhsullar əsasən gilas və albalı üçün nəzərdə tutulan calaqaltılardır. Bu calaqaltılar Qırğızıstanda yerli aqrar şirkətlər tərəfindən alınaraq üzərində müxtəlif sortlar calaq ediləcək.

İxrac ediləcək calaqaltı əsasən “Krymsk-5”dir. Calaqaltı nəmli torpağa və bakterial xərçəngə, eləcə də quraqlığa davamlıdır. Şirkət əməkdaşı əlavə edir ki, bu sortu Qırğız şirkəti özü sifariş etmişdir.

Xatırladaq ki, aprelin 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan hökumətləri arasında bir sıra sənədlər imzalanmışdır. İki ölkənin kənd təsərrüfatı naziri İnam Kərimov və Askarbek Canibekov sənədləri imzalamışlar. Daha sonra 5 oktyabr 2022-ci ildə İnam Kərimov Qırğızıstana səfər etmişdir. Həmin görüşdə iki ölkənin şirkətləri arasında keçirilən görüşlərdə ilkin olaraq Azərbaycanda istehsal olunan 200 min ting və calaqaltı əkin materialının Qırğızıstana ixracı, azərbaycanlı mütəxəssislərin bu ölkədə bağ salınması prosesində və təlimlərdə iştirakı ilə bağlı razılıq əldə edilmişdir.

“Grand-Agro Invitro” illik 4 milyon ting və calaqaltı istehsal gücünə malikdir.

“YENİ HƏDƏF – ÖZBƏKİSTAN”

Taleh Zeynalovun sözlərinə görə, müəssisənin yeni hədəflərindən biri də Özbəkistandır. Yeri gəlmişkən, bununla bağlı araşdırma apardıq və Özbəkistanı Azərbaycana yaxın coğrafiyada ən iri idxalçı ölkə saya bilərik. Son 4 ildə Özbəkistan xaricdən 88.37 milyon dollar həcmində ting idxal edilmişdir.

Qırğızıstan isə 2017-ci ildə 120 min, 2018-ci ildə 89 min, 2019-cu ildə 72 min, 2020-ci ildə 414 min və 2021-ci ildə isə 223 min dollarlıq bu kodda məhsul idxal etmişdir. İdxalın böyük hissəsində payı olan ölkə İtaliyadır.

Qeyd edilməlidir ki, aqrar sahədə bağçılıq uzunmüddət sonra gəlir gətirən sərmayə sayılır. Bir bağ tam gücü ilə məhsul verməsi üçün fermerin dörd ilə qədər, hətta bəzən daha çox gözləməsi gərəkdir. Fermerin 4 ildən sonra risklərlə üzləşməməsi üçün labüd məsələ kimi onun əldə etdiyi tinglərin hansı istehsalçı müəsisədən almasıdır. 

Buna görə də istər yerli, istərsə də xarici investor üçün əsas rol oynayan mühüm bir neçə məqamlar var. “Grand-Agro Invitro”da şəraitlə tanış olduqda görünür ki, şirkət yeni texnoloji imkanlardan yararlanaraq laboratoriya şəraitində calaqaltı və tingləri yetişdirir. Bu da gələcəkdə bu sahədə biznes qurmaq və ya bağında rotasiya edənlər üçün qarantiyalı məhsul podratçısıdır. 

 

Son xəbərlər
Digər xəbərlər