12 C
Baku
Wednesday, December 11, 2024

Gürcüstan Avropa İnvestisiya Bankının 100 milyon avroluq kreditindən imtina edib

Gürcüstan Avropa İnvestisiya Bankının (AİB) ayırdığı 100 milyon avro məbləğində kreditdən imtina edib.

Banker.az Azərtac-a istinadla bildirir ki, bu barədə ölkənin maliyyə nazirinin müavini Georgi Kakauridze parlamentdə aqrar komitənin iclasında məlumat verib.

Deputatlar Gürcüstan ilə AİB arasında bu ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və satışı barədə müqavilənin ləğvi barədə qanun layihəsini müzakirə ediblər.

Nazir müavini bildirib ki, müqavilə 2016-cı ildə imzalanıb və sənədə əsasən AİB layihənin icrasına görə Gürcüstana 100 milyon avro məbləğində kredit ayırmalı idi. Lakin Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinin bütün səylərinə baxmayaraq, ölkənin heç bir kommersiya bankı kreditin qaytarılması ilə bağlı valyuta riskini üzərinə götürməyib. Ona görə də hökumətin qərarı ilə kreditdən imtina olunub.

“2018-ci ildə artıq bankla Gürcüstan hökuməti arasında kredit müqaviləsinin ləğvinə dair yeni müqavilə imzalanıb. Müqavilə parlamentdə ratifikasiya olunmalıdır”, – deyə nazir müavini vurğulayıb.

Qanun layihəsi bu günlərdə parlamentin müzakirəsinə çıxarılacaq.

2015-ci ildə Gürcüstanda regional ofisini açan AİB-in bu günədək ölkədə ümumi məbləği 1,5 milyard avro olan 21 layihə həyata keçirib.

Son xəbərlər
Digər xəbərlər