Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) bir qrup şəxsin güc yolu ilə ölkədə hakimiyyəti dəyişməyi planlaşdırması barəsində bəyanat yayıb.
Qrup ölkə daxilində və xaricində hazırlanmış plana əsasən bu ilin oktyabr-dekabr ayları ərzində müəyyən qrupların destabilizasiya təşkil etməyi planlaşdırdığını, son məqsədin isə hökuməti güc yolu ilə dəyişdirmək olduğunu bəyan edib.
Qeyd olunub ki, destruktiv proseslərin başladılması üçün Avropa Komissiyasının hesabatının dərc ediləcəyi oktyabr-dekabr ayları seçilib.
Bəyanatda qeyd olunub ki, sözügedən planın müəllifləri arasında keçmiş hökumətin vəzifəli şəxsləri, sabiq Prezident Saaakaşvilinin cangüdəni, həmçinin Ukrayna hərbi kəşfiyyatı, eləcə də Ukraynada vuruşan Gürcü Legionunun komandanlığı var.
Bəyanata görə, Gürcüstanda qarışıqlığın yaradılması məqsədilə Ukraynada döyüşlərdə iştirak edən gürcülərdən, həmçinin Ukrayna-Polşa sərhədində təlim keçmiş gürcü gənclərdən istifadə ediləcək.
Bəyanatda vurğulanıb ki, risklərin neytrallaşdırılması məqsədilə DTX bütün zəruri tədbirləri digər qurumlarla koordinasiyalı şəkildə həyata keçirəcək.