Gürcüstan hökuməti bir neçə şirkət, idarə və səhmdar cəmiyyəti özəlləşdirməyə çıxarmağı planlaşdırır.
Banker.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia “Bloomberg”ə müsahibəsində bildirib.
Nazir deyib ki, hökumət ilkin olaraq “Gürcüstan Dəmir Yolları” SC-ni və milli poçt operatoru olan “Gürcüstan Poçtu”nu özəlləşdirməyə çıxarmağı planlaşdırır. Lakin hökumət “Gürcüstan Dəmir Yolları”nda müəyyən həcmdə dövlət payını saxlamaq niyyətindədir.
Onun sözlərinə görə, ölkənin energetika bazarında yaranmış problemlərə görə 2011-ci ildən fəaliyyəti dayandırılmış “Dövlət energetika sistemi”nin də satışı nəzərdə tutulub.
Giorgi Kobulia deyib: “Dövlət şirkətlərinin satışı iqtisadiyyatın artımını stimullaşdırmalıdır. Dövlət bu obyektlərin satışından on milyonlarla gəlir əldə edə bilər”.





