16 C
Baku
Wednesday, May 8, 2024

“Hər bir valideyn uşağı ilə dost olmalıdır”

Hər bir valideyn uşağı ilə dost olmalıdır və onunla etibarlı münasibət qurmağa çalışmalıdır.

Uşaqlar niyə yalan danışır?

Bəziləri cəzadan qaçmaq üçün, digərləri isə güvən qazanmaq üçün və özlərinə qarşı diqqət çəkmək üçün bunu edir.  Lakin bunların hamısının kökündə valideyn – övlad münasibətlərində olan nöqsanlar durur.

Məsələn, uşaq hər hansı oyun  oynamaq istəyirsə, bunu ilk öncə xəyal edir,  təxəyyül və fantaziya aləminə qapanır. Amma bu, aldatmadan tamamilə fərqlidir. Yalanların həmişə müəyyən səbəbləri var. Sistematik yalanların səbəbləri  fərqli ola bilər

Bir çoxlarında Yalan danışdığına görə cəzalandırılmaq qorxusu var. Uşaq səhv etdiyinə görə cəzadan qorxur, buna görə yalan danışmağın daha asan yol olduğunu düşünür (onun fikrinə görə) və bunu edir.Valideynlər onu dərslərini eləmədiyi üçün, kitab oxumadığı üçün  cəzalandırmaqla hədələyərsə, uşaq həqiqəti söyləməkdən daha çox yalan danışar.

Bir növ uşaqlar da var ki, onlar böyüklərdən bu pis vərdişi mənimsəyirlər (bu səbəbdən valideynlər kimlə necə danışdığına ciddi fikir vermələdirlər. Bu heç bir zaman uşaqların göz önündə olmamalıdır) Bir müddətdən sonra onlar həmin üsülları sizə tətbiq edəcəklər. Bu, əsasən problemli ailələrdə baş verə bilir: Məsələn, gəlin öz qaynanası ilə və ya həyat yoldaşı ilə hər hansı səbəbdən mübahisə edərsə və bunların şahidi uşaq olarsa, nənəsinin sevimli nəvəsi olmaq üçün uşaq anasına qarşı hər hansı mənfi fikirlər söyləyə bilər. Ata işdən gəldikdə isə anasının xahişi ilə atasına hər şeyin yaxşı olduğunu söyləyərək də yalan danışmaq məcburiyyətində qala bilər. Belə bir qənaətə gəlirik ki,uşaqların yalan danışmasının ən başlanğıc səbəbi biz böyüklər oluruq.

Bu məsələlərdə valideynlər nə etməli? İlk öncə səs tonunu ucaltmadan uşaqla danışmaq və nə olursa olsun onu sevdiyinizi söyləyin. Çalışın uşağa izah edin ki,yalan danışmaq yaxşı deyil və bu pis vərdişə çevrilə bilər. Gələcəkdə isə uşağın ünsiyyət problemlərinə gətirib çıxara bilər. Qadağalarla, hədə – qorxu  ilə bu problemi aradan qaldırmaq mümkün deyil və bu taktikalar qısa müddətli effektlər verəcək. Övladınızı danışdığı cüzi həqiqətə, doğruya görə mükafatlandırın. Çalışın bir valideyn kimi onun üçün nümünə olasınız. Axşam yeməyindən sonra günün necə keçdiyini onla müzakirə edin, hətta bəzən ona nələrisə etiraf edin (məs: “Bilirsən, sənə bir məsələni etiraf etmək istəyirəm” – bu kimi cümlələrdən istifadə edin). Bu üsullar sizin münasibətinizi möhkəmləndirəcək, birlikdə çıxış yolunu axtarmağa vadar edəcək və ən əsası uşaqda həqiqətə, səmimiliyə təkan verəcək.

Biz övladlarımızı Vətənə yararlı bir şəxsiyyət kimi böyüdüb tərbiyələndirmək istəyirik. Bunun üçün ilkin mərhələlərdə onlara dəstək olmalıyıq, onlarla ünsiyyət qurmalıyıq. Düzdür XXI əsrin ən böyük problemi də elə budur (ünsiyyət kommunikasiyamızın kəsad olması). Uşaqlar səhərdən axşama qədər baxçada, valideyn isə işdə olur. Axşam bir çox valideyn diqqətini övladlarının arasında paylaşdıra bilmədiyi üçün və ya ev işlərinin çox olması səbəbindən ya da yorğunluq səbəbindən onların kompüter, planşet və ya telefon qarşısına keçməsinə yol açır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər