8 C
Baku
Friday, December 13, 2024

Hərbi vəziyyət: Ölkədə hansı qaydalar tətbiq olunacaq?

Milli Məclisin iclasında Azərbaycan Respublikası ərazisində hərbi vəziyyətin tətbiq edilməsi, bəzi şəhər və rayonlarında komendant saatının elan olunması barədə qərar qəbul edilib. Qərar Azərbaycan Prezidenti tərəfindən 48 saat müddətində təsdiq olunacaq.

Komendant saatı elan edilməsi ilə bağlı məsələ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verilib.

Hərbi vəziyyət müvafiq qanunla tətbiq olunur və tənzimlənir. “Hərbi vəziyyət haqqında” qanunun 2-ci fəslinin 10-cu maddəsində “Hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər” əksini tapıb. Həmin maddədə bildirilir:

10.1. Hərbi vəziyyət dövründə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutula bilər:

10.1.1. təxsislənmiş (bron edilmiş) dövlət maddi ehtiyatlarından istifadə olunması;

10.1.2. ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin, nəqliyyatın, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, enerji təchizatı müəssisələrinin, baş enerji nəqletmə sistemlərinin, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsinin gücləndirilməsi;

10.1.3. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların xüsusi iş rejiminə keçirilməsi;

10.1.4. stasionar və ya müvəqqəti yaşayış yerlərində məskunlaşdırılması şərtilə əhalinin, təsərrüfat və sosial təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara təxliyə olunması (köçürülməsi);

10.1.5. hərbi vəziyyət rejimini pozmaqda şübhə edilən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılması;

10.1.6. hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin, fondların və digər qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması;

10.1.7. rabitədən istifadə üçün xüsusi qaydalara riayət olunması, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi;

10.1.8. təhsil müəssisələrinin iş rejiminin dəyişdirilməsi, yaxud fəaliyyətinin dayandırılması;

10.1.9. karantinin tətbiq edilməsi, icbari sanitariya-gigiyena, epidemiya əleyhinə və baytarlıq tədbirlərinin keçirilməsi;

10.1.10. hərbi vəziyyət dövründə məxfilik rejiminin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi;

10.1.11. silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışının məhdudlaşdırılması və ya qadağan olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik olan maddələr olan dərman preparatlarının, spirtli içkilərin dövriyyəsi üzrə xüsusi rejimin yaradılması, fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və ya partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti götürülməsi;

10.1.12. gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasında (satışında) xüsusi qaydaların tətbiq edilməsi;

10.1.13. müvafiq şəxslərin internə edilməsi;

10.1.14. yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması;

10.1.15. hərbi vəziyyətin elan olunduğu əraziyə (ərazilərə) xüsusi giriş-çıxış rejiminin tətbiqi və təmin edilməsi;

10.1.16. Azərbaycan Respublikasına gəlmənin və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarının tətbiq edilməsi;

10.1.17. yaşayış və ya olduğu yeri seçmək hüququnun məhdudlaşdırılması;

10.1.18. nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması;

10.1.19. komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədləri olmadan günün müəyyən edilmiş vaxtlarında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi;

10.1.20. şəxslərin xüsusi icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılması, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsi, şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılması;

10.1.21. hərbi vəziyyət rejimini pozan və hərbi vəziyyətin tətbiq edildiyi ərazidə yaşamayan şəxslərin həmin ərazinin hüdudlarından çıxarılması;

10.1.22. kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi;

10.1.23. hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi;

10.1.24. cəbhəboyu zonada kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsi;

10.1.25. əməyin mühafizəsi normalarına və qaydalarına tam riayət olunmaqla əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin bərpası, yanğın, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasına fiziki və hüquqi şəxslərin cəlb edilməsi;

10.1.26. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi;

10.1.27. müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının (resurslarının) səfərbər olunması, səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq onların istehsalat fəaliyyətinin növünün və ya iş rejiminin dəyişdirilməsi (o cümlədən işçilərin iş vaxtından artıq vaxtda işə cəlb olunması, əmək məzuniyyətindən istifadə edilməməsi və ya məzuniyyətin başqa vaxta keçirilməsi), bağlanılmış müqavilələr əsasında hərbi və mühüm mülki məhsulların istehsalına yönəldilməsi;

10.1.28. qanunla müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin istifadəsində və mülkiyyətində olan daşınar və daşınmaz əmlakın əvəzi ödənilməklə, dövlət mülkiyyətində olan daşınar və daşınmaz əmlakın isə əvəzsiz olaraq müdafiə ehtiyacları üçün alınması və ya istifadə edilməsi.

10.2. Hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlərin müəyyən edilməsi zamanı hərbi vəziyyət tətbiq ediləcək ərazidə mülki müdafiə və ərazi müdafiəsinin təşkili üzrə planlaşdırmanın nəticələri nəzərə alınır.

10.3. Bu qanunla müəyyən edilən hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına və həmin Konvensiyaya dair İkinci Protokola uyğun olaraq həyata keçirilməlidir.

Son xəbərlər
Digər xəbərlər