Həyatın yaşam sığortasında ödənişlər artıq nəinki yığımdan, ehtiyatdan “yeyir”

Azərbaycanda həyat sığortası üzrə 2026-cı ilin yanvar–avqust aylarında 639,4 milyon manat sığorta haqqı toplanıb. Bu, ötən ilin eyni dövründəki 593,8 milyon manatla müqayisədə 45,7 milyon manat və ya 7,7% çoxdur.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Eyni dövrdə həyat sığortası üzrə ödənişlər daha yüksək templə artaraq 427,2 milyon manatdan 568,4 milyon manata çatıb. Beləliklə, ödənişlərin həcmi illik müqayisədə 141,2 milyon manat və ya 33,1% yüksəlib.

Həyat sığortasının ümumi sığorta bazarındakı payı da artıb. Yanvar–avqustda ölkə üzrə 1 milyard 115,4 milyon manat sığorta haqqının 57,3%-i həyat sığortasının payına düşüb. Ötən ilin eyni dövründə bu göstərici 56,7% idi.

Bazarın əsas hissəsini könüllü həyat sığortası təşkil edib. Bu istiqamətdə sığorta haqları illik 13,4% artaraq 526,8 milyon manatdan 597,3 milyon manata, ödənişlər isə 33,5% artaraq 423,6 milyon manatdan 565,6 milyon manata yüksəlib.

Könüllü həyat sığortasının ən böyük sinfi olan həyatın yaşam sığortası üzrə yığımlar 12,2% artaraq 559,5 milyon manata çatıb. Ödənişlər isə 33,8% yüksələrək 561,6 milyon manat olub. Beləliklə, bu sinifdə ödənişlərin həcmi toplanmış sığorta haqlarını təxminən 2,1 milyon manat üstələyib. Yəni ödənişlər artıq ehtiyatdan “yemiş” olub.

Həyatın ölüm halından sığortası üzrə haqlar 28,1% artaraq 28,5 milyon manata, ödənişlər 12,7% artaraq 2,6 milyon manata çatıb.

Sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar 2,2 dəfə artaraq 7,2 milyon manat olub. Bu sinif üzrə ödənişlər 13,4% artaraq 1,3 milyon manata yüksəlib.

Əmək qabiliyyətinin sığortası üzrə isə əks dinamika qeydə alınıb. Sığorta haqları 23,6% azalaraq 2,1 milyon manata, ödənişlər isə 70,8% azalaraq 78 min manata düşüb.

İcbari həyat sığortasında – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortada – yığımlar 37,1% azalaraq 67,0 milyon manatdan 42,2 milyon manata düşüb. Ödənişlər də 20,7% azalaraq 2,9 milyon manat təşkil edib.

Sığorta ödənişlərinin toplanmış sığorta haqlarına nisbəti ilə hesablanan zərərlilik əmsalı həyat sığortası bazarı üzrə 2026-cı ilin yanvar–avqustunda 88,9% təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 71,9%, 2024-cü ilin yanvar–avqustunda isə 66,3% idi.

Könüllü həyat sığortasında əmsal bir il əvvəlki 80,4%-dən 94,7%-ə yüksəlib. Həyatın yaşam sığortasında isə ödənişlərin yığımları üstələməsi nəticəsində göstərici 84,2%-dən 100,4%-ə çatıb.

Həyatın ölüm halından sığortasında zərərlilik əmsalı 10,3%-dən 9,0%-ə, əmək qabiliyyətinin sığortasında 9,8%-dən 3,7%-ə, sağalmaz xəstəliklərdən sığortada isə 34,2%-dən 17,6%-ə enib. İcbari həyat sığortasında göstərici 5,4%-dən 6,8%-ə yüksəlib.

Yaşam sığortasında ödənişlərin yığımları üstələməsinin əsas səbəblərindən biri əvvəlki illərdə bağlanmış uzunmüddətli müqavilələrin artıq ödəniş mərhələsinə çatmasıdır. Xüsusilə minimum 3 illik müddətə bağlanan yığım sığortası müqavilələri üzrə 2022–2023-cü illərdə toplanmış iri portfelin bir hissəsi 2025–2026-cı illərdə başa çataraq sığorta şirkətlərinin ödənişlərini sürətlə artırıb.

Bazarın dinamikasına 2025-ci ildən qüvvəyə minən qanunvericilik dəyişiklikləri də təsir edib. Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanuna edilən dəyişikliklərdən sonra həyatın yığım sığortası üzrə vergi və sosial sığorta güzəştləri əsasən qeyri-dövlət sektorunda çalışanlarla məhdudlaşdırılıb. Dövlət sektorunda 1 yanvar 2025-dən sonra bağlanan yeni müqavilələr əvvəlki güzəştlərdən istifadə etmir. Bu isə bazara yeni müqavilələr hesabına daxil olan vəsaitlərin artım potensialını zəiflədib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər