14 C
Baku
Saturday, April 27, 2024

Hacı Zeynəlabdin Tağıyevin hazırcavablığı…

Hacı Zeynəlabdin Tağıyev öz xeyirxahlığı, xeyriyyəçiliyi və səxavəti ilə yanaşı öz hazırcavablığı ilə də məşhur idi. Belə ki, onunla bağlı bir sıra maraqlı və məzəli əhvalatlar məlumdur:

– Bir əhvalata görə hacı Cənubi Qafqaz müsəlmanlarının nümayəndəsi kimi çar III Aleksandrın tacqoyma mərasimində iştirak edirmiş. Nazirlər sovetinin sədri çarın sağ tərəfində dayanıb, gələnləri bir-bir ona təqdim edirmiş. Növbə milli geyimdə olan Tağıyevə çatır. Nazirlər sovetinin sədri elə güman edir ki, o rus dilini bilmir. Çara deyir: “Zati-aliləri, bu, vəhşi xalqın nümayəndəsidir”. Tağıyev təmkinini pozmadan cavab verir: “Biz vəhşi deyilik, mənim xalqım vəhşi deyil, o, çoxəsrlik zəngin tarixə malik bir xalqdır”.

Bir gün Bakı varlıları Tağıyevə şikayət edirlər ki, ermənilər şəhərin aşağı məhəllələrində evlər tikdirirlər, tədbir görüb, bunun qabağını almaq lazımdır. Hacı deyir: “Qoy tiksinlər. Qabağını almaq lazım deyil. Mən özüm də onları şirnikləndirirəm ki, tikdirsinlər. Gedəndə heç kəs binaları dalına şələləyib aparmayacaq. Onlar gedəcək, binalar isə qalacaq”…

Başqa əhvalata görə bir gün Tağıyevə xəbər çatdırırlar ki, şəhər bazarlarında təzə balıq yoxa çıxıb. Hacı deyir: “Arxayın olun, bu günlərdə şəhərə balıq gətirərlər”. Ertəsi günü faytona minib vətəgələrdən birinə gəlir. Balıqçılar ona görə əl-ayağa düşürlər. O, təzə tutulmuş, çapalayan balıq gətizdirir, barmağındakı brilyant üzüyü çıxarıb məftillə balığın quyruğuna bağlayır və balığı dənizə atır. Bu xəbər bütün vətəgələrə yayılır. Balıqçılar quyruğunda brilyant üzük olan balığın eşqi ilə çoxlu balıq ovlayırlar. İki gündən sonra şəhər bazarlarında balıq əlindən tərpənmək olmur…

Bir gün axund hacı Turab hacı Zeynalabdin Tağıyev üçün Quranı oxuyub tərcümə edirmiş. Növbə “Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar” sözləri yazılmış ayəyə çatanda Tağıyev soruşur: “Yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar?” Axund cavab verir: “Əlbəttə alar”. Çox keçmədən Azərbaycanda Sovet hakimiyyəti qurulur. Hacının, demək olar, bütün sərvəti bir anda əlindən çıxır. Axundun vaxtilə dediklərini xatırlayan Tağıyev vəsiyyət edir: “Məni axund hacı Turabın ayağı altında basdırarsınız, onun ayağının bildiyini mənim başım bilmir”. Bu vəsiyyətinə əməl edib onu axund hacı Turabın məzarının ayaq tərəfində basdırırlar…

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər