16 C
Baku
Monday, April 29, 2024

Hafiz Paşayevin Bankir oğlu

Banker.az xəbər verir ki, modern.az saytı “Məşhurların övladları” adlı rubrikasına davam edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz bilgiləri sizə təqdim etməyə çalışırıq.

Budəfəki təqdimatımız Azərbaycan Respublikasında yüksək dövlət vəzifəsi tutan və kifayət qədər tanınmış şəxsin övladı haqqındadır. Söhbət Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevdən və onun oğlu Mir Camal Paşayevdən gedir.

Diplomat, fizika-riyaziyyat elmləri doktoru Hafiz Mir Cəlal oğlu Paşayev 1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuş cənab Paşayev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib.

1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.

1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib.

1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Qeyd etdiyimiz kimi, 1993-2006-cı illərdə Azərbaycanı diplomat olaraq xaricdə təmsil etmiş Hafiz Paşayev ölkə prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.

Prezidentin 13 yanvar 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılıb. Digər sərəncamla Hafiz Paşayev ADA Universitetinin rektoru təyin edilib.

100-dən artıq elmi əsər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifi olan H.Paşayev ingilis və rus dillərini bilir. Evlidir, iki övladı, dörd nəvəsi var.

Mir Camal Hafiz oğlu Paşayev 1970-ci ildə anadan olub. 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinə daxil olub, 1993-cü ildə isə bu fakültəni bitirib. M.Paşayev 1994-cü ildə Kaliforniya Universitetinin mühəndislik fakültəsinə qəbul olunub və təhsilini bitirdikdən sonra 1996-cı ildə magistr dərəcəsinə yiyələnib.

1996-1998-ci illərdə Vaşinqton şəhərindəki Amerika Universitetinin biznes məktəbində təhsilini davam etdirən Mir Camal Paşayev daha bir magistr diplomu alıb.

1999-cu ildən 2000-ci ilə kimi Azərbaycan Milli Bankında baş ekspert vəzifəsində çalışıb. 2000-2005-ci illər ərzində Avropa Yenidənqurma və İnkişaf Bankında işləyib və maliyyə analitiki vəzifəsindən infrastruktur layihələr üzrə aparıcı bankir vəzifəsinə yüksəlib.

2005-ci ildən başlayaraq M.Paşayev maliyyə sahəsində, həmçinin infrastruktur və telekommunikasiya sahələrində iri investisiya layihələri üzrə müşavir kimi fəaliyyət göstərib. 2007-ci ilin may ayından “PAŞA Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutub.

2013-cü ilin iyun ayının 7-də “Kapital Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağında Bankın Müşahidə Şurasının yeni tərkibi müəyyənləşdirilib. Mir Camal Paşayev “Kapital Bank” ASC-nin Müşahidə Şurasının yeni sədri seçilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər