Ədliyyə Nazirliyinin təqdim etdiyi “Azyaşlıya pasportun verilmə ərizəsi” xidməti “mygov” platformasına inteqrasiya olunub. Xidmət vasitəsilə 18 yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun verilməsi üçün valideyn, övladlığa götürən, qəyyum və ya himayəçinin notariat qaydasında təsdiq edilmiş razılığını elektron formada rəsmiləşdirmək mümkündür. Bu imkan xüsusilə valideynlərdən birinin prosesdə fiziki olaraq iştirak edə bilmədiyi hallarda rahatlıq yaradır.
Xidmətdən istifadə etmək üçün vətəndaş “mygov” platformasında “Xidmətlər” bölməsinə daxil olaraq “Ailə” kateqoriyasından “Azyaşlıya pasportun verilmə ərizəsi” xidmətini seçir.
Xidmətə daxil olduqda vətəndaşın övladları barədə sistemdə olan məlumatlar avtomatik olaraq ekranda göstərilir. Məlumatlar əks olunmadıqda isə vətəndaş övladının məlumatlarını özü daxil edə bilər.
Daha sonra vətəndaş ərizə ilə tanış olur və tələb olunan məlumatları daxil edir. Növbəti mərhələdə məlumatlar notarius tərəfindən video verifikasiya vasitəsilə təsdiqlənir. Ödəniş həyata keçirildikdən sonra razılıq ərizəsinin elektron formada rəsmiləşdirilməsi prosesi tamamlanır.
İstifadəçilər müraciətin statusunu xidmətin “Tarixçə” bölməsindən izləyə bilərlər.
Qeyd edək ki, bu xidmət pasportun verilməsi üçün tələb olunan notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin elektron formada rəsmiləşdirilməsinə imkan verir.







