Azərbaycana xarici investorların cəlb edilməsi və onlar üçün daha əlverişli mühitin yaradılması məqsədilə yeni hüquqi baza formalaşdırılıb. Ölkə başçısı tərəfindən “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların əsasında yeni “İnvestisiya fəaliyyəti haqqında” qanun təsdiq edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Xəzər Xəbər”ə deyib ki, “İnvestisiya fəaliyyəti haqqında” qanun ilə dövlət tərəfindən investorların hüquqlarının qorunmasına təminat verilir, investorlara və onların investisiyalarına qarşı əsassız və ayrı-seçkilik yaradan münasibət, hədə-qorxu, təqib və zorakılıq qadağan edilir.
Qanun xarici investisiyaların cəlb edilməsinə, ümumilikdə investisiya üçün əlverişli mühitin formalaşdırılmasına dəstək xarakteri daşıyır. Qanun həmçinin milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasına qarşı təminat qaydasını da müəyyənləşdirir.
V.Bayramov investorlara ödəniləcək kompensasiyadan da söz açıb:
“Milliləşdirmə və dövlət ehtiyacı üçün əmlakın alınması prosesi baş verdikdə bu halda investorların hüquqları qorunmaqla qərar veriləcək. Belə ki, investorlar hətta dövlət ehtiyacı üçün əmlakın alınması prosesində belə kompensasiya ala biləcəklər”.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 4 milyard 795 milyon 271 min dollar təşkil edib. Bu rəqəmin bu il daha da artacağı gözlənir.