2 C
Baku
Saturday, December 14, 2024

Hansı ölkələr və aviaşirkətlər Belarusun hava məkanını boykot edir – Siyahı

İrlandiyanın “Ryanair” aviaşirkətinə məxsus olan təyyarənin Minskdə məcburi enişi ilə bağlı hadisədən sonra Avropa ölkələri Belarusun hava məkanından istifadəni qadağan etməyə başlayıblar. 

Ölkələr:

Avropa İttifaqı

Avropa İttifaqı ölkələri başçılarının görüşündən sonra Belarus üzərindən uçuşların qadağan edilməsi barədə siyasi qərar qəbul edilib. Qərar müvafiq nazirlərin daxil olduğu Avropa İttifaqı Şurası tərəfindən təsdiq edilməlidir. Eyni zamanda ölkələrin liderləri Avropa aviaşirkətlərinə Belarus üzərində uçuşlardan imtina etməyi tövsiyə ediblər. 

Böyük Britaniya

Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şepps “Twitter”də ölkənin “Belavia”nın uçuşların dayandırıldığını açıqlayıb. Bundan əlavə, Böyük Britaniya hökuməti aviaşirkətlərdən Belarusun hava məkanından qacınmağı tələb edib. 

Litva

Litvanın nəqliyyat naziri Marius Skuodis 25 may tarixindən etibarən ölkəyə gələn və ya ölkədən çıxan bütün təyyarələr üçün Belarusun hava məkanına girişini qadağan etdiyini bildirib. 

Fransa

Fransa hökuməti aviaşirkətlərinə təhlükəsizlik səbəbi ilə Belarus ərazisi üzərində uçmamağı tövsiyə edib. Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən dövlət katibi Jana-Batista Cebbarinin sözlərinə görə, eyni zamanda “Belavia”nın uçuşları qadağan edilib. 

Polşa 

Belarus üzərindən uçuşları qadağan etmək təşəbbüsü ilə həmçinin Polşanın xarici işlər naziri çıxış edib. Ölkənin əsas aviadaşıyıcısı “LOT” Belarusun hava məkanının istifadəsindən imtina etməyə qərar verib. 

Ukrayna

Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası zamanı prezident Vladimir Zelenski hökumətə Ukrayna ilə Belarus arasında birbaşa uçuşların dayandırılması, habelə Ukraynaya uçuşlar üçün Belarusun hava məkanının bağlanması barədə qərar hazırlamağı tapşırıb. Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, ölkələr arasında hava trafiki 26 may gecə yarısından etibarən dayandırılacaq.

İsveç 

İsveç Nəqliyyat İdarəsi yerli aviaşirkətlərə vəziyyət sabitləşənə qədər Belarusun hava məkanında uçuşları dayandırmağı tövsiyə etmək qərarına gəlib. Bu barədə departamentin bazar ertəsi yaydığı məlumatda deyilir.

Hollandiya

Hollandiyanın baş naziri Mark Ryutte Minskdə yaşanan hadisədən sonra “KLM” aviaşirkətinə Belarusun hava məkanından uçmaqdan çəkinməyi tövsiyə edib. Müəyyən müddətdən sonra “KLM” uçuşların dayandırılması barədə qərarını açıqlayıb. 

Belçika

Belçikanın baş naziri Aleksandr de Kroo “Twitter”də Avropa İttifaqının Belarusa qarşı sanksiyalar tətbiq etmək məsələsini müzakirə etdiyini söyləyib. Eyni zamanda “Belavia” təyyarələrinin qadağan edilməsi nəzərdə tutulub. 

Almaniya

Kansler Anqela Merkel Belarusa qarşı sanksiyaların tətbiq olunmasını mümkün hesab edib. Çıxışından sonra kansler “Lufthansa”nın Belarusun hava məkanına uçuşlarının qadağan edilməsi barədə qərar verib. 

Finlandiya

Belarusun hava məkanından imtina edilməsini həmçinin Finlandiya hökuməti də dəstəkləyib. Çərşənbə axşamı günü “Finnair” aviaşirkəti Belarus üzərindən uçuşlardan çəkindiyini açıqlayıb. 

Aviaşirkətlər

Latviyanın “AirBaltic” daşıyıcısı Belarusun hava məkanından istifadə etməyi qadağan edən ilk şirkət olub. 

“Austrian Airlines” bazar ertəsi günü Vyanadan Belarus üzərindən deyil, Ukrayna üzərindən Moskvaya uçub. Şirkət vəziyyətin inkişafını izlədiyini söyləyib. 

Macarıstanın “WizzAir” aviaşirkəti təyyarələrinin Belarus üzərindən keçməyəcəyini açıqlayıb. 

Kipr adalarında qeydiyyata alınan “Avia Solutions” Litvadakı təyyarələrinin Belarus ərazisi üzərindən uçmayacağını bildirib. 

Rusiyanın “Utair” aviaşirkəti 23 may tarixli uçuşunu Belarusdan keçmədən həyata keçirib. 

 

 

Son xəbərlər
Digər xəbərlər