Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 14,742 mlrd. manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bank sektorunda regionlar üzrə verilən kreditlərin həcminə görə ilk pillələrdə Bakı şəhəri, Sumqayıt və Gəncədir. Paytaxtda bu göstərici 11,882 mlrd manat, Sumqayıtda 391 milyon, Gəncədə 338 milyon manat təşkil edir.
Digər pillələrdə Abşeron (123,3 mln manat), Naxçıvan (113,9 mln manat), Lənkəran (109,6 mln manat), Bərdə (85,1 mln manat), Zaqatala (84,1 mln manat), Şirvan (80,6 mln manat), Şəmkir (78,8 mln manat) dayanır.
Bankların regionlar üzrə ən az kredit verdiyi bölgələrin siyahısında Ordubad, Xızı, Sədərək yer tutur.