2021-ci ilin yanvar-sentyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146.1 saat təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin ilk 9 ayına olan göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.1 saat (7.4%) çoxdur. Belə ki, ötən ilin ilk 9 ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 136 saat təşkil edib. Karantin qaydalarının yumşalması buna təsir edən başlıca amillərdən olub.
Hesabat dövründə Azərbaycanda ən çox iş saatlarının artması təhsil, istirahət, əyləncə və incəsənət, turistlərin yerləşdirilməsi və ictimai iaşə, tikinti sahələrində olub. Bu sahələrdə çalışanlar ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 43 saat, 10.1 saat, 4.1 saat, 4 saat çox çalışıblar.
Digər iqtisadi fəaliyyət növlərində də orta aylıq iş saatlarında artım müşahidə olunub. Belə ki, cari yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində çalışanlar 3.8 saat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində çalışanlar 2.4 saat, emal sənayesi və ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində çalışanlar 1.4 saat çox çalışıblar.
Bəzi sahələrdə isə orta aylıq iş saatlarının miqdarında azalma müşahidə olunub. Bu ilin ilk 9 ayında ötən ilin ilk 9 ayı ilə müqayisədə informasiya və rabitə sahəsində çalışanlar 2.9 saat, mədənçıxarma sənayesində çalışanlar 2.6 saat az çalışıblar.
2021-ci ilin yanvar-sentyabr aylarında iqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı
İqtisadi fəaliyyət növləri | İş saatlarının miqdarı |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 149.5 |
Mədənçıxarma sənayesi | 141.4 |
Emal sənayesi | 142.5 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 150.3 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 152.5 |
Tikinti | 151.7 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 149.6 |
Nəqliyyat və anbar təsərrüfatı | 144.9 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 140.6 |
İnformasiya və rabitə | 148 |
Maliyyə və sığorta fəaliyyəti | 149.2 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 143.4 |
Peşə, elmi və texniki fəaliyyət | 143.1 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 152.2 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat | 151.9 |
Təhsil | 138 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 146.7 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 149 |
Digər sahələrdə xidmətlərin göstərilməsi | 137.7 |