10 C
Baku
Thursday, December 12, 2024

Hansı sığorta növləri məcburidir?

a06b 125121 20190114225239

Bu yazımızda hal-hazırda Azərbaycan Respublikasında tətbiq edilən və icbari qaydada həyata keçirilən sığorta növləri barədə qısa izah verməyə çalışacağıq. Mövzuya keçməzdən əvvəl qeyd etməyi zəruri hesab edirik ki, müvafiq sığorta növlərinin edilməsi tələb edilən şəxslərin bu sığorta növünü etməməsi İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsi ilə müəyyən edilmiş cərimə ilə nəticələnəcəkdir.

Azərbaycan Respublikası qanunvericiliyinə görə aşağıdakı sığorta növlərinin tətbiqi icbari qaydada nəzərdə tutulmuşdur.

– Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortas. Bu sığorta növü hər bir avtonəqliyyat vasitəsi sahibi üçün məcburidir. Bu sığorta növü sürücülərin yol-hərəkəti qaydalarını pozması zamanı üçüncü şəxslərin (ailə üzvləri istisna olmaqla) sağlamlığı və əmlakına vurulan zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Daşınmaz əmlakın icbari sığortası. Bu sığorta növü hər bir daşınmaz əmlak sahibi üçün məcburidir. Qanunla nəzərdə tutulmuş hadisələr nəticəsində əmlak sahibinin yalnız daşınmaz əmlakına (tavan, divar, pəncərə, qapı, döşəmə, elektrik, su, qaz xətlərinə və digər daşınmaz əmlak konstruksiyasına) dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası. Fərdi sahibkarlar və ya hüquqi şəxslər üçün məcburidir. Bu sığorta növü həmin şəxslərin istifadəsində olan daşınmaz əmlaklarda baş verəcək müəyyən hadisələr (yanğın, subasma və digər) nəticəsində üçüncü şəxslərin əmlakı və sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Sərnişinlərin icbari fərdi qəza sığortası. Bu sığorta növü sərnişin daşımalarını həyata keçirən nəqliyyat vasitəsi sahibləri üçün məcburidir. Bu növ sərnişin daşıma zamanı sərnişinlərin sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta. Bu sığorta növü hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, seçkili orqanlar və əmək fəaliyyəti ilə məşğul olan işəgötürənlər üçün məcburidir. Adından da göründüyü kimi həmin şəxslərdə əmək funksiyalarını həyata keçirənlər, təcrübə keçənlər və təbii fəlakətlərin qarşısının alınmasına cəlb edilənlərin istehsalatda alacağı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sağlamlıqlarına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası. Bu sığorta növü adıçəkilən şəxslərin xidməti vəzifələrinin icrası zamanı sağlamlıqlarına dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir və həmin şəxslərin çalışdıqları müəssisələr tərəfindən sığortalanması məcburidir.

– Auditorların peşə məsuliyyətinin icbari sığortası. Bu sığorta növünün tətbiqi auditorlar üçün məcburidir. Bu sığorta növü auditorların fəaliyyəti nəticəsində üçüncü şəxslərə dəyəcək zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası. Bu sığorta növü adıçəkilən şəxslərin fərdi qəza nəticəsində sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– İcbari tibbi sığorta. Bu sığorta növünün tətbiqi əhalinin tibbi sığorta proqramı çərçivəsində mütəmadi olaraq tibbi xidmətlərdən istifadə edərək sağlamlığının qorunması məqsədilə tətbiq edilir. Bu sığorta növünün 2020-ci ildən tətbiqi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər