Hansı şirkətdə sığortalanmaq olar?

Sığorta inkişaf etməkdə olan cəmiyyətin tələblərinə cavab verən başlıca maliyyə alətlərindən biri olaraq şəxsin baş verə biləcək risklər nəticəsində itkilərini kompensasiya etmək məqsədilə istifadə edilir. Hər bir fərd həyatın müəyyən anında sığorta hadisəsi ilə qarşılaşa bilir ki, bu da sığortanın dinamik və inkişafda olan bir sistem olmasını bir daha təsdiq edir.

Hazırda ölkəmizdə tətbiq edilən başlıca sığorta növlərindən avtomobil sahiblərinin mülki məsuliyyətinin və daşınmaz əmlakın icbari sığortasını, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortanı, avtomobillərin kasko, könüllü əmlak, səyahət və kredit götürən şəxslərin həyat sığortasını göstərə bilərik.

Eyni zamanda 2021-ci ildən ölkə üzrə tətbiqinə geniş hazırlıq görülən icbari tibbi sığortanı da bu növlərə aid etmək mümkündür.

Az və ya çox olmasından asılı olmayaraq hər kəsin sığorta barədə ilkin təsəvvürləri və məlumatları mövcuddur. Sadəcə olaraq sığortaya olan inamın artırılması üçün mühüm maarifləndirməyə zərurət vardır ki, bu istiqamətdə də səlahiyyətli qurumların mütərəqqi fəaliyyəti davam edir. Əslində məqsədəuyğundur ki, sığorta maariflənməsi üçün sadəcə mütaliə üsulu müəyyən edilsin və innovativ imkanları axtararaq onlardan faydalanılsın.

Hazırda sığorta məhsulu almaq istəyən hər kəsin ağlına ilk gələn sual hansı şirkəti seçməkdir.

Bu yazımızda sualın cavabını tapmağa kömək edəcək kiçik, amma dəyərli istiqamət verməyə çalışacağıq.

1) Sığorta şirkətinin bu məhsulu satmaq üçün icazəsinin olub-olmadığını bilmək

Heç də bütün şirkətlərin hər kəsin tanıdığı avto icbari sığorta məhsulunu satmağa icazəsi yoxdur. Bu növü satmaq üçün sığorta şirkəti İcbari Sığorta Bürosu və nəzarət qurumundan icazə almalı, azad-iqtisadi zonalar üzrə filiallara malik olmalı, internet səhifəsində bu növlə bağlı məlumatları təqdim edə bilməlidir.

2) Hər bir sığorta məhsulu alıcısının hüququ var ki, sığorta şirkətinin illik maliyyə göstəriciləri ilə tanış olsun. Bu ilkin təəssürat yarada biləcək ki, şirkətin il üzrə topladığı sığorta haqları və verdiyi sığorta ödənişləri üzrə dinamika necədir.

3) Sığorta şirkətinin rəsmi saytından onun qaynar xətti, sığorta hadisəsi baş verdikdə hərəkət qaydası barədə məlumatlandırmanı izləyərək hadisəyə reaksiyasını görə bilərsiniz.

4) Sığorta şirkəti məhsul satarkən sizi həmin məhsul üzrə yaddaş vərəqəsi və ya könüllü sığorta növü üzrə sığorta qaydaları ilə tanış etməli, hansı hallarda ödəniş veriləcəyi, hansı hallarda imtina ediləcəyi barədə məlumatlandırma aparmalıdır.

5) Sığorta şirkəti barədə şikayətləri ətrafınızdan, sorğu platformalarından, elektron məhkəmə sistemi üzrə işlərin sayı və həmin işlər üzrə nəticələrdən görərək şirkətin müştəri məmnuniyyətini necə tənzimlədiyini görmək mümkündür.

6) Sığorta məhsulu alarkən digər şirkətlərin də təklifləri ilə qarşılaşmısınızsa, təminat verilən hallar və müqavilə şərtlərinin eyni olduğu halda, sığorta haqqının az olmasına çox da önəm verməyin. Çünkü sığorta haqqının az olması heç də xidmətin keyfiyyətindən xəbər vermir. Bu halda yuxarıda göstərilən digər şərtləri də nəzərdən keçirməklə qərar verə bilərsiniz.

7) Sığorta məhsulunu birbaşa deyil, dolayı yolla (sığorta vasitəçilərinin köməyilə) alırsınızsa, həmin məhsulun sığorta şirkəti tərəfindən təsdiqlənməyini mütləq yoxlayın. Bəzən özünü təmsilçi kimi təqdim edən şəxslər sığorta şirkətinin adından istifadə edərək məhsul satdığını bildirsə də, sonra sığorta şirkəti ilə əlaqə saxlayarkən bunun öz təsdiqini tapmadığı hallarla da qarşılaşmaq mümkün olur.

Bu kimi itkilərin qarşısını almaq üçün əvvəl sığortaçı ilə şəxsin eyniləşdirilməsini də aparmaq məqsədəuyğundur.

Şəhriyar Həbilov