9 C
Baku
Thursday, December 12, 2024

“Hansısa xarici müşahidəçilər oraya gələndə harada dayanacaqlar?”- İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsi ilə bağlı suala cavab verib.

TASS-ın müxbiri: Sizin ölkəniz hərbi xətt üzrə təcili görüş keçirilməsinin zəruri olması fikrinə razıdırmı? Rusiya bunu deyir. Yəni, əgər Sizin ölkə razıdırsa, onda həmin görüş hansı formatda, hansı tərəflərin iştirakı ilə keçirilə bilərdi?

İlham Əliyev: Bilirsinizmi, indiki halda birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq.

Hərbçilər arasında əlaqələr məsələsinə gəldikdə isə bu məqamlar baza prinsiplərində dəqiq müəyyən edilib və biz baza prinsiplərinə sadiqik, onların barəsində danışmışam, zənnimcə, təkrarlamağın mənası yoxdur. Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb. Ermənistan tərəfi də müxtəlif mərhələlərdə bütün bunlara razılıq verib. Buna görə indi sizin müraciət etdiyiniz məsələ baza prinsiplərində razılaşmanın sonundadır. İşğala son qoyulması ilə bağlı bütün məsələlər nizamlandıqda xarici sülhməramlı qüvvələrin iştirakı nəzərdə tutulurdu. Lakin nizamlanması tələb edilən əsas məsələlər razılaşdırılmadığına görə, tərəflər bu məsələyə hələ də başlamayıblar. Buna görə həmin qüvvələrin kimlərdən ibarət olacağı, orada hansı beynəlxalq qurumların, hansı ölkələrin təmsil olunacağı barədə dəqiq anlayış yox idi. Odur ki, bütün bu məsələlər müzakirə edilmirdi. Lakin aydın idi ki, sülhməramlı qüvvələrin tərkibi Azərbaycan və Ermənistan ilə razılaşdırılmalıdır. Həmin qüvvələrin dislokasiya yerləri də müəyyən edilməmişdir. Ona görə, bu gün təmas xəttinin olmadığı, status-kvonun pozulduğu, – onu biz pozmuşuq və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Biz bu bəyanatları eşitmişik, lakin onların implementasiyasını görməmişik. Buna görə biz özümüz onu implementasiya etdik. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdur. Hərbi müşahidəçilər texniki baxımdan necə və harada yerləşdirilə bilər? Axı döyüş meydanında vəziyyət hər gün dəyişir. Hansısa xarici müşahidəçilər oraya gələndə harada dayanacaqlar? Haradasa dağlarda, vadilərdə, körpülərin üstündə? Yəni, bütün bunlar çox ətraflı işlənib hazırlanma tələb edir. Bu, öz hərbi kontingentini oraya göndərməyi lazım bilənlər üçün böyük riskdir. Ona görə də bütün bunlar – sülhməramlıların tərkibi, mandatı, müddəti, məqsədləri razılaşdırılmalıdır. Əlbəttə, bütün bunlar baza prinsipləri çərçivəsində olmalıdır, həmin prinsipləri isə artıq dediyim kimi, biz qəbul edirik, amma erməni tərəfi təkzib edir.

Son xəbərlər
Digər xəbərlər