ABŞ Ədliyyə Nazirliyinin Almaniya “Deutsche Bank”ından 14 mlrd. dollar həcmində kompensasiya tələb etməsindən sonra onsuz da çətin maliyyə vəziyyətində olan Bankdan indi də hedc fondları vəsaitlərini çəkməyə başlayıb. “Report”un “Bloomberg”a istinadən verdiyi xəbərə görə, 10-a yaxın iri hedc fondu risklərini azaltmaq məqsədilə Bankdan vəsaitlərini çıxarmaq qərarına gəlib. Bu xəbərin açıqlanmasından sonra dünən, sentyabrın 29-da “Deutsche Bank”ın Nyu-York Fond Birjasında kotirovka olunan səhmlərinin qiyməti 6,71% azalaraq 11,47 dollara düşüb.
“Bloomberg”in məlumatına görə, hedc fondları öz vəsaitlərini bu həftə Bankdan çıxararaq başqa maliyyə qurumlarına keçiriblər. Bu fondlar arasında 34 mlrd.dollar vəsaitə sahib olan “Millennium Partners”, “Rokos Capital Management” (4 mlrd. dollar) və “Capula İnvestment Management” (14 mlrd. dollarlıq) də yer alıb.