19 C
Baku
Friday, May 3, 2024

“Hesab.az”ın aid olduğu şirkət 2 mln. üzərində mənfəət əldə edib

Azərbaycanda onlayn ödəmələr bazarında fəaliyyətdə olan “Hesab.az” platformasının sahibi “QoldenPey” ASC və ya “GoldenPay” 2022-ci ildə 2 mln. 147.5 min manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin audit hesabatında qeyd edilir. Hesabat cəmi 4 səhifədən ibarət təqdim edilib.

Hesabata görə, müddət ərzində 11 mln. 155 min manat gəlir əldə edilib, 7 mln. 46 min manat məbləğində isə xidmətin maya dəyəri üçün xərc çəkilib. 2021-ci illə müqayisədə gəlirlər 33%, xərclər isə 34% artıb.

“GoldenPay”in ümumi və inzibati xərcləri də yüksəlib. Ümumi və inzibati xərclər dedikdə, şirkətin icarə, marketinq, işçilər və amortizasiyaya sərf etdiyi xərclər nəzərdə tutulur. Bu xərclər illik müqayisədə 2% artımla 1 mln. 390 min manat təşkil edib.

Beləliklə, onlayn ödəmə şirkətinin xalis mənfəəti 2 mln. 148 min manat təşkil edib. 2021-ci ildə isə şirkətin xalis mənfəəti 1 mln. 411 min manat idi.

Bu mənfəətdən sonra, 1 yanvar 2023-cü il tarixinə olan balansdakı bölüşdürülməmiş mənfəət 1 mln. 891 min manatdan 4  mln. 39 min manata yüksəlib.

Şirkətin 6 mln. 626 min manat cəmi aktivi, 4 mln. 615 min manat cəmi kapitalı (bunun 571 min manatı nizamnamə kapitalı) var, cəmi öhdəlikləri isə 2 mln. 11 min manatdır.

Xatırladaq ki, şirkətin yaradıcısı Fərid İsmayılzadə idi və o, 2021-ci ildə qalan 20%-lik payını da satdığını elan etmişdi. O, bununla da şirkətin müşahidə şurasını tərk etmiş oldu. Yuxarıda qeyd edildiyi kimi, şirkət audit hesabatında 4 səhifəni açıqlayır, cari səhmdarlarının kim olduğu üçün yer ayırmır.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər