-1 C
Baku
Saturday, December 14, 2024

Hesablama Palatası 2017-ci il dövlət büdcəsi layihəsinə rəy verib

Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəy verib.

Bu barədə “APA-Economics”ə Palatadan məlumat verilib. Rəydə qeyd olunub ki, “Büdcə zərfi”ndə növbəti ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” qanununun tələbləri gözlənilməklə tərtib edilib.

Sənəddə qeyd olunub ki, ötən illərdən fərqli olaraq 2017-ci ilin dövlət büdcəsinin layihəsi ilə birgə təqdim edilmiş sənədlərdə növbəti ilə manatın məzənnəsi, həmçinin ÜDM-in digər  valyutada proqnozlaşdırılan həcmi ilə bağlı məlumatlar əks etdirilməyib.

“2017-ci ilin dövlət büdcəsi ilə bağlı Qanun layihəsində ilk dəfə olaraq xarici ölkələrdən qrantların (Avropa Birliyinin qrantından daxilolmaların) proqnozlaşdırılmış məbləği əks etdirilib. Eyni zamanda təqdim olunmuş qanun layihəsində ilk dəfə olaraq il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) ayrıca olaraq nəzərdə tutulub”, – deyə rəydə vurğulanıb.

Sənəddə o da qeyd olunub ki, “Büdcə sistemi haqqında” qanununun 16.1.5-ci maddəsində ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normalarının əks etdirilməsi nəzərdə tutulsa da, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində həmin bölgü və normalar təsbit edilməyib, “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna ayırmaların proqnoz göstəriciləri əks olunub.

“Təqdim edilmiş “Büdcə zərfi”nə əsasən 2017-ci ilə dövlət büdcəsinin gəlirləri 15955,0 mln. manat məbləğində olmaqla 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 867,0 mln. manat və yaxud 5,2% az proqnozlaşdırılıb. 2017-ci ildə dövlət büdcəsi  gəlirlərinin ÜDM-ə faiz nisbəti 26,0% və ya cari ilin müvafiq göstəricindən 3,1 faiz bəndi az nəzərdə tutulub. Dövlət büdcəsinin gəlirlərinin qeyri-neft sektoru üzrə təklif olunan proqnozu 2015-ci ilin icrasından 821882,1 min manat və ya 11,3%, 2016-cı ilin gözlənilən icrasından isə 503000,0 min manat və ya 6,6% çoxdur.  2017-ci il üzrə qeyri-neft sektorundan proqnozlaşdırılan gəlirlərin ÜDM-ə nisbəti 13,2%, qeyri-neft sektoru ÜDM-nə qarşı isə 19,4% nəzərdə tutulub. Dövlət büdcəsinin qeyri-neft sahələrindən gəlirləri üzrə proqnozlaşdırılmış artım əsasən Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlər üzrə, neft sektorundan gəlirlərin azalması isə Dövlət Neft Fondunun daxilolmaları hesabına nəzərdə tutulub. “2016-2020-ci illər üzrə Azərbaycan Respublikasının əsas makroiqtisadi proqnoz göstəriciləri”nə əsasən isə tədiyyə balansı üzrə cari hesab balansının 2015-2016-cı illər ərzindəki mənfi davranışının 2017-ci ildən etibarən müsbətə doğru dəyişməsi proqnozlaşdırılıb. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və büdcə zərfinə əlavə olunmuş müvafiq sənədlərə əsasən dövlət büdcəsinin gəlirlərinin 45,2%-i və ya 7210000,0 min manatı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, 13,8%-i və ya 2200000,0 min manatı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin, 38,2%-i və ya 6100000,0 min manatı Dövlət Neft Fondunun, 2,8%-i və ya 445000,0 min manatı isə digər mənbələrin payına düşüb. Vergilər Nazirliyi üzrə proqnozlaşdırılmış məbləğ 2016-cı ilin gözlənilən icrasına nisbətən 200000,0 min manat və ya 2,9%, Gömrük Komitəsi üzrə 390000,0 min manat və ya 21,5% çox, Dövlət Neft Fondu üzrə isə 1515000,0 min manat və ya 19,9% azdır”, deyə rəydə vurğulanıb.

Hesablama Palatasının təhlilləri göstərir ki, Dövlət Neft Fondundan transfertin məbləğinin azaldılması fondun ehtiyatlarının həcminə təsir göstərməyəcək.

Sənəddə bildirilib ki, 2017-ci il dövlət büdcəsinin yerli gəlirlərinin isə hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsinin hesabına formalaşdırılması nəzərdə tutulub. Göstərilən bölgüyə uyğun növbəti il üzrə yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsaitlərin ayrılması nəzərdə tutulmayan inzibati ərazi vahidləri (Bakı şəhəri istisna olmaqla) 33 sayda, eyni zamanda gəlirlərin yerli xərclərdən artıq olan hissəsinin mərkəzləşdirilmiş gəlirlərə aid edilən inzibati ərazi vahidləri (Bakı şəhəri istisna olmaqla) isə 28 sayda proqnozlaşdırılıb. Rəydə qeyd olunub ki, mərkəzləşdirilmiş xərclərdən vəsaitlər ayrılmayan inzibati ərazi vahidlərinin (Bakı şəhəri istisna olmaqla) sayının 2016-cı ilin gözlənilən icrasına nisbətən isə 5,5 dəfə artımla nəzərdə tutulması yerli xərclərin bütün şəhər və rayonlar səviyyəsində əhəmiyyətli azalması ilə əlaqədardır: “Növbəti il üçün regionların (Bakı şəhəri istisna olmaqla) gəlirləri 2015-ci ilin icrası ilə müqayisədə 15948,5 min manat və ya 2,7% azalma ilə proqnozlaşdırılsa da 2016-cı ilin gözlənilən icrasına nisbətən 10091,0 min manat və ya 1,8% artımla nəzərdə tutulub. 2016-cı ilin gözlənilən icrasına nisbətən əsas artımlar Qusar rayonu üzrə 1133,0 min manata və ya 22,2%-ə, Neftçala rayonu üzrə 1083,0 min manata və ya 20,7%-ə, Salyan rayonu üzrə 2589,0 min manata və ya 33,6%-ə, Biləsuvar rayonu üzrə 1031,0 min manata və ya 23,4%-ə, İsmayıllı rayonu üzrə 1020,0 min manata və ya 18,1%-ə, Qazax rayonu üzrə 2652,0 min manata və ya 40,1%-ə, eləcə də Şəmkir rayonu üzrə 1746,0 min manata və ya 16,2%-ə bərabərdir”.

Sənəddə vurğulanıb ki, Hesablama Palatasının məlumat bazası üzrə məlumatların təhlili vergi növləri üzrə dövlət büdcəsinə olan borcun və artıqödəmə məbləğinin əsas hissəsinin real sektorun qeyri-neft mənbələri hesabına yarandığını göstərir.

Rəydə qeyd olunub ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və büdcə zərfinə əlavə olunmuş müvafiq sənədlərə əsasən Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə ödənilməsi təmin edilən vergi gəlirləri 8559000,0 min manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2016-cı ilin gözlənilən icrasına nisbətən isə 7% (563000,1 min manat) çoxdur.

Hesablama Palatası cari il ərzində Vergi Məcəlləsinə edilmiş və 01 yanvar 2017-ci il tarixdən qüvvəyə minməsi nəzərdə tutulan əlavə və dəyişikliklər nəzərə alınmaqla  torpaq vergisinin də vergitutma bazasının növbəti ildə genişləndirilməsini gözləyir.

Palatanın təhlili göstərir ki, manatın məzənnə mövqelərinin zəifləməsi xarici valyutada kreditor borc dövriyyələri olan rezident müəssisələr üzrə zərər məbləğlərinin yaranmasına səbəb olub ki, bu da dövriyyələrin həcmindən asılı olaraq rentabelliyə təsir göstərməklə 2015-ci ildən etibarən mənfəət vergisinin (eyni zamanda, növbəti illər üzrə cari vergi ödəmələrinin) həcmini azaldıb.

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin xərcləri 16600,0 mln. manat məbləğində olmaqla 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 1895,0 mln. manat və ya 10,2%, gözlənilən icra göstəricisi ilə isə 412,8 mln. manat və ya 2,4% az proqnozlaşdırılıb. Növbəti il üçün dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisinin 27,0% olması proqnozlaşdırılıb ki, bu da 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 5 faiz bəndi azdır. Təqdim edilmiş məlumatlara görə 2018-2020-ci illər üzrə də dövlət büdcəsi xərcləri azalma ilə nəzərdə tutulmuş və bu illər üzrə orta azalma tempinin 3,6% olması gözlənilir. Növbəti ildə 2016-cı illə müqayisədə dövlət büdcəsinin ümumi xərclərində funksional təsnifatın 7 bölməsi üzrə azalma, 5 bölməsi üzrə artım, 2 bölmə üzrə isə xüsusi çəkinin dəyişməz qalması gözlənilir. 2016-cı ildə olduğu kimi 2017-ci ildə də dövlət büdcəsi xərclərində xüsusi çəkisi ən yüksək olan bölmə 17,1% olmaqla “Ümumi dövlət xidmətləri” bölməsinin payına düşür. Buna səbəb dövlət borcuna xidmət xərclərinin bu bölmədə proqnozlaşdırılmasıdır. Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər “Ümumi dövlət xidmətləri” bölməsinin tərkibində 1641799,7 min manat məbləğində olmaqla bölmə üzrə xərclərin 57,7%-i səviyyəsində proqnozlaşdırılıb. Qeyd edək ki, bu məbləğ 2016-cı ilin gözlənilən icrası ilə müqayisədə 0,4% az olsa da, “Ümumi dövlət xidməti” bölməsində xüsusi çəkisinin 1,1 faiz bəndi artaraq 59,0%-ə çatacağı nəzərdə tutulub. Dövlət büdcəsi xərclərində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərin payının artımı da 1,1 faiz bəndi səviyyəsində olmaqla 10,7% təşkil edəcək. Dövlət büdcəsi xərclərinin funksional təsnifatı üzrə 2016-cı ilin gözlənilən icrası ilə müqayisədə növbəti ilə ən böyük atım “Müdafiə” bölməsində 28,9% və “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində 26,5% olmaqla, nəzərəçarpacaq azalmalar isə “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər  kateqoriyalara aid edilməyən sahədə fəaliyyət”, “İqtisadi fəaliyyət” və “Yanacaq və enerji” bölmələrində müvafiq olaraq 58,9%, 42,2% və 38,9% nəzərdə tutulub. Dövlətin funksiyalarının həyata keçirilməsi istiqamətlərini sosial siyasətin reallaşdırılması, real sektora dəstək, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması və digər tədbirlər üzrə qruplaşdırsaq, 2016-cı ilin proqnoz göstəriciləri ilə müqayisədə 2017-ci ilin dövlət büdcəsində müdafiə və hüquq mühafizə və digər tədbirlərlə bağlı xərclərin artımla, sosial siyasətin həyata keçirilməsi və real sektorun inkişafı ilə bağlı xərclərin isə azalma ilə nəzərdə tutulduğunu qeyd edə bilərik 24. 2017-ci ilin dövlət büdcəsi layihəsinə elm xərclərində ilk dəfə olaraq ştatdankənar işçilərin əmək haqqı və əməyin ödənişi ilə bağlı sair ödənçlər üçün vəsait proqnozlaşdırılıb ki, bu da büdcədənkənar xərclərdə nəzərdə tutulub”, – deyə rəydə vurğulanıb.

Qeyd olunub ki, son illərdən fərqli olaraq 2017-ci ildə ilk dəfə olmaqla “Səhiyyə” bölməsinin tərkibində subsidiya və cari transfertlərin ödənilməsi məqsədilə 24000,0 min manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da səhiyyə sahəsinə aid olan digər tədbirlər çərçivəsində və Nazirlər Kabinetiyanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq olaraq 20000,0 min manat və 4000,0 min manat məbləğ hesabına formalaşıb. Bu ildən fərqli olaraq “Səhiyyə” bölməsi üzrə xərclərdə “Azərbaycan Dəmir  Yolu” QSC və Mərkəzi Neftçilər Xəstəxanası üzrə vəsait nəzərdə tutulmayıb: “Qeyd edək ki, “Sosial müdafiə və sosial təminat” bölməsində ilk dəfə olaraq “Sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar“ köməkçi bölməsi 100,0 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri olaraq proqnozlaşdırılıb. Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsi layihəsində olduğu kimi, 2017-ci ildə də “Yanacaq” köməkçi bölməsində vəsait proqnozlaşdırılmayıb. Bununla belə, cari ilin 9 ayı üzrə dövlət büdcəsinin icrasına dair təqdim edilmiş məlumatlar bu köməkçi bölmədən vəsait icra edildiyini göstərir”.

Hesabalama Palatasından bildirilib ki, “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsi üzrə 2017-ci ilin dövlət büdcəsində əvvəlki illərdən fərqli olaraq “Geodeziya və xəritəçəkmə” köməkçi bölməsində vəsait proqnozlaşdırılıb. Qeyd edək ki, cari ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilən məlumatların təhlili müvafiq qanunla müəyyən olunmasa da, bu köməkçi bölmədən vəsaitin icra edildiyini göstərir.

***

17:27

Hesablama Palatasında Kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının verdiyi rəylər müzakirə edilib.

Kollegiya iclasında həmçinin həyata keçirilmiş Azərbaycanın Bolqarıstandakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət büdcəsindən “Azərbaycan Dəmir Yolları“ QSC-nin Həkim-sanitar xidmətinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Son xəbərlər
Digər xəbərlər