18 C
Baku
Sunday, April 28, 2024

Hesablama Palatası DSMF və İSF-də yoxlamalar planlaşdırır?

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun müsahibəsi

– 2024-cü ilin büdcəsi ilə bağlı müzakirələr Milli Məclisdə yekunlaşır. Növbəti ilin büdcəsi ilə bağlı nələrə toxunmaq istəyərdiniz?

– Əgər Sizin sualınızı parametrlərin dəyişməsi baxımından cavablandırsam, ilk olaraq vergi xətti ilə toplanan neft gəlirlərinin iki milyard məbləğində azalmasını deməliyəm. Dövlət büdcəsinin xərcləri bilirsiniz ki, üç hissədən ibarətdir. Cari xərclər 2,5% artır və bu son dövrlər üzrə ən aşağı artım tempidir. Əsaslı xərclər isə 8,9% azalır. Dövlət borcuna xidmət xərcləri isə cari ilə nisbətən 66,8% artıq görünür. Niyə belə dedik? Ona görə ki, əslində, bu qədər artım yoxdur. Bu, əsasən, borcun uçotu ilə bağlıdır. Eyni zamanda, daxili maliyyə bazarlarında dövlət istiqrazları üçün faiz xərclərinin həcmi də artırılıb. Bu, növbəti ilin büdcəsi ilə bağlı sadə formada toxunmaq istədiyim məsələlərdir.

– Əgər büdcəyə ümumi yanaşsaq, daha hansı məqamları qeyd edə bilərsiniz?

– Ümumiyyətlə, növbəti ilin büdcəsində 2023-cü ilin yenidən baxılmış büdcəsi ilə müqayisədə əhəmiyyətli dəyişiklik yoxdur. Lakin burada biz yenidən baxılmış büdcənin baza göstəricilərinin növbəti ilin baza göstəricilərindən fərqli olduğunu da bildirməliyik. Cari ilin yenidən baxılan büdcəsi ilkin büdcə ilə müqayisədə təxminən 3 milyard manat artırılıb.

Büdcə xərclərində işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın təmin edilməsi, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı da diqqətdə saxlanılıb.

– Bəs növbəti ildə cari xərclər hansı sahələrdə artacaq?

– Növbəti ildə cari xərclərin artımı hüquq-mühafizə orqanlarının əmək ödənişlərində. Həmin ödənişlərlə bağlı cənab Prezidentin Zəfər Günü ərəfəsində müvafiq Fərmanı oldu. Cari xərclərin ikinci artım istiqaməti isə digər sosial ödənişlərlə əlaqədardır.

– Ümumiyyətlə, tövsiyələriniz büdcə sənədlərində nəzərə alınır?

– Tövsiyələrimizin icrasına keçməzdən öncə bildirim ki, Rəylərimiz büdcənin planlaşdırılmasına və icrasına cavabdeh olan qurum və təşkilatlara gələcək büdcə planlarının hazırlanmasında və icrasında dəstək verir.

Sualınıza gəlincə isə, əvvəlki rəylərdə qeyd edilmiş əksər məsələlər təqdim olunmuş “Büdcə zərfi”ndə nəzərə alınıb. İlk dəfə olaraq bununla bağlı ayrıca məlumat büdcə sənədləşməsində deputatlara təqdim olunub. Apardığımız təhlillər ötən il üçün verilmiş 40-a yaxın tövsiyənin təxminən yarısının tam və ya qismən nəzərə alındığını deməyə imkan verir.

– Naxçıvan Muxtar Respublikasında bu il apardığınız auditlərin yekunu olaraq nə demək istərdiniz?

– 2023-cü ildə nəzarət tədbirləri portfelimizin təxminən 15%-i Naxçıvan Muxtar Respublikası ilə bağlı olub. Bəziləri barədə mətbuatda açıqlamalar vermişik. Nəticələri ümumiləşdirsək deyə bilərik ki, Muxtar Respublikanın 2022-ci ilin büdcəsinə dair hesabat göstəriciləri doğru deyil. Doğru olmayan yalnız ümumi rəqəmlər deyil, eyni zamanda, struktur və ayrı-ayrı göstəricilərdə də təhriflər kifayət qədərdir. Yol verilmiş nöqsanlar maliyyə idarəetməsinə məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi, eləcə də bu sahə üzrə kifayət qədər bacarıq və biliklərə malik olmaması ilə əlaqəlidir. Dövlət vəsaiti alan qurumların məsuliyyəti və intizamı artırılmalıdır. Nəticələrə dair geniş məlumat Fəaliyyət Hesabatımızda əks olunacaq.

– Fəaliyyətinizlə bağlı hansısa dəyişiklikləri bu region üçün planlaşdırırsınız?

– Oktyabr ayında Naxçıvanda “Maliyyə hesabatlılığı və şəffaflıq” mövzusunda tədbir keçirildi. Həmin tədbirdə də qeyd etdiyimiz kimi, Hesablama Palatası Naxçıvanın maliyyə hesabatlılığına töhfə vermək üçün müxtəlif fəaliyyətləri həyata keçirmək niyyətindədir. Muxtar Respublikanın rəhbər şəxslərinin də bizim işlərə dəstək olmasını xüsusi vurğulamaq istərdim.

Hələlik iki istiqamət daha önəmlidir. Birincisi, maliyyə hesabatlılığı və dövlət satınalmaları ilə əlaqədar qurumlar üçün təlimlərin təşkil olunması. Bu istiqamətdə bəzi tədbir və təlimləri hazırkı dövrədək təşkil etmişik. Məlumat üçün bildirim ki, ilk təlimdə 60-dan yuxarı qurumun rəhbər və məsul şəxsləri iştirak etdi.

Növbəti istiqamət isə dövlət auditinin təsiridir. Auditlərin nəticələri audit olunan obyektlə yanaşı, yuxarı və aidiyyəti dövlət orqanlarına göndərilir. Məqsəd səlahiyyətləri çərçivəsində yuxarı orqanlar tərəfindən tədbirlərin görülməsidir. Təhlillər bunun gələcəkdə digər qurumlarda nöqsanlara rast gəlinməməsi üçün effektiv olduğunu göstərir.

Eyni zamanda, Hesablama Palatasının Naxçıvandakı İdarəsində də struktur dəyişikliklərinin aparılmasını nəzərdə tutmuşuq. Strukturun və kadrların müəyyən olunan vəzifələrin icrasına uyğunlaşdırılmasını təmin edəcəyik.

– AZTV və kino ilə bağlı Hesablama Palatasının auditlərində üzə çıxarılmış nöqsanların aradan qaldırması istiqamətində addımlar atılıb, audit aparmış orqan kimi Hesablama Palatası bu barədə məlumatlandırılıbmı?

– AZTV tərəfindən əvvəlki dövrdə apardığımız nəzarət tədbirlərinin nəticələrinə dair təqdim etdiyimiz tövsiyələr əsasında xeyli tədbirlər görülüb. Cari ildə apardığımız audit nəticəsində Cəmiyyətin Nizamnaməsinin təkmilləşdirilməsinə dair ciddi addımların atılması, strukturunun hüquqi aktların tələblərinə uyğunlaşdırılması, televiziya məhsullarını xarakterizə edən göstəricilər və ödənilən məbləğin uzlaşmasının təmin edilməsi istiqamətində işlərin davam etdirilməsi, maliyyə əməliyyatlarının və hesabatlarının tələb olunan standartlara uyğunluğunun artırılmasına dair təkliflər verilib. Cəmiyyət tərəfindən bu işlərin görülməsinə dair mütəmadi məlumatlar verilir.

Kino ilə bağlı məsələlər nisbətən fərqlidir. Cari ildəki nəzarət tədbirində 2021-2022-ci illərdə kinoya ayrılan vəsaitlərin istifadəsində əhəmiyyətli dəyişikliklərin olduğunu görmədik. Obyektivlik üçün bildirim ki, yeni idarəetmə modelinin yaradılması üzərində iş aparılıb, müəyyən cəhdlər və davranışlar müşahidə edilir. Lakin görüləsi işlərin həcmi fəaliyyətin güclənməsini diktə edir. Xüsusilə vurğulayım ki, filmlərin hazırlanması ilə bağlı xərclərin tərkibinin düzgün müəyyənləşdirilməsi, dövlət sifarişi ilə bağlı fəaliyyətin tənzimlənməsi, studiyaların fəaliyyətinin yenilənməsi, qonorarların ödənilməsi ilə bağlı baxışların formalaşması ilə bağlı fəaliyyət nəzərə çarpmadı.

Yaxın zamanlarda, bir neçə nəzarət tədbirinin nəticələrini saytımız vasitəsilə ictimaiyyətə çatdırmağı planlaşdırırıq. Bu və digər sahələrlə bağlı Kollegiya Qərarından sonra məlumat verəcəyik.

– Milli Məclisdə hər zaman Hesablama Palatası tərəfindən hüquq-mühafizə orqanlarına göndərilən məlumatların son nəticəsinin açıqlanmaması ilə bağlı iradlar səsləndirilir. Bununla bağlı Hesablama Palatasına səlahiyyət verilə bilər?

– Nəzarət tədbirinin nəticələrinin hüquq-mühafizə orqanlarına göndərilməsinin əsas məqsədlərindən biri də, auditin təsirinin gücləndirilməsi və nəticəli olmasıdır. Əlavə səlahiyyət məsələsi ilə bağlı demək istərdim ki, hüquq-mühafizə orqanları ilə kifayət qədər yaxşı əməkdaşlığımız mövcuddur. Bu orqanlardan auditlərin sonrakı taleyi ilə bağlı məlumat alırıq və bunu fəaliyyətimizlə bağlı hesabatda dərc edirik. Ali audit orqanlarının müxtəlif modelləri mövcuddur. Hesablama Palatasının idarəetmə quruluşu – kollegial orqan olmaq – daha təkmil hesab edilir. Məhkəmə modellərindən fərqli olaraq, bu model də ali audit orqanlarının bu istiqamətdə əlavə mandatı mövcud deyil.

– Parlamentin plenar iclasında vergi güzəşt və azadolmalarının iqtisadiyyata təsiri mövzusuna toxundunuz. Mövcud vəziyyət necədir?

– Çıxışımda da qeyd etdiyim kimi, hər il vergi qanunvericiliyində müxtəlif istiqamətli dəyişikliklər edilir. Bu dəyişikliklər arasında vergi güzəşt və azadolmalarının yaranmasına və artmasına səbəb olan dəyişikliklər də kifayət qədərdir.

Son 4 ildə bu sahədə verilmiş güzəşt və azadolmaların məbləği 30,0 milyard manatı keçib. Qeyd edim ki, bu il büdcə sənədləşməsinə daxil olan məlumat əvvəlki illərdən keyfiyyət baxımından fərqlənib, güzəşt və azadolmaların müxtəlif meyarlar üzrə bölgüsü verilib. Vergi güzəşt və azadolmaların səmərəliliyinin müəyyən edilməsi ilə bağlı tələblər olsa da, təqdim edilən büdcə sənədlərində rast gəlmədik.

Eyni zamanda, qeyd etməliyəm ki, səmərəliliklə bağlı aparılacaq qiymətləndirmədən sonra güzəşt və azadolmaların siyahısına da bir daha baxmalıyıq, reallığını təhlil etməliyik.

– Hesablama Palatası tərəfindən aparılan auditlərdə pensiya və müavinətlərin təyinatı sahəsində ciddi nöqsanlar aşkarlanırdı. Palata DSMF və İSF-də bu istiqamətdə növbəti yoxlamalar planlaşdırır? ƏƏSMN indiyə qədər Hesablama Palatasının bu yöndə verdiyi tövsiyələri nə dərəcədə nəzərə alıb?

– Pensiya və müavinətlərin hesablanılması və təyin edilməsi ilə bağlı son illərdə məlumat bazalarının təkmilləşdirilməsi və IT-nin tətbiqinin genişləndirilməsi bir çox nöqsanların aradan qalxmasına səbəb olmaqla yanaşı, audit metodologiyalarının da dəyişməsinə gətirib çıxarıb. Qeyd edim ki, əvvəlki illərdə, eləcə də, DSMF-də aparılmış sonuncu auditdə nöqsanların miqyası əhatə edilmiş məbləğlərlə müqayisədə kiçik payla xarakterizə olunub.

Cari ildə apardığımız nəzarət tədbiri çərçivəsində müəyyən edilmiş nöqsanlar 2 məlumat bazası arasında mövcud uyğunsuzluğun nəticəsi olub ki, bu da, təqdim edilmiş məlumatlara görə, Hesablama Palatası tərəfindən verilmiş təkliflərin icrası olaraq aradan qaldırılıb.

– Bəs, Hesablama Palatası DSMF VƏ İSF-in büdcə layihələri ilə bağlı nələri demək istəyir?

– Büdcədənkənar fondların büdcələrinə dair qiymətləndirmələrimiz və tövsiyələrimiz Rəydə ətraflı göstərilib. Bunlardan hansını daha önəmli hesab edirik? İlk olaraq bildirim ki, Qanun layihəsində gəlir və xərc ənənəvi qaydada təsnifləşdirilib. Bu formada təsnifləşdirmə 20 ildən yuxarıdır. Bu illər ərzində dövlət maliyyəsinin idarəedilməsi sahəsində müsbət çoxsaylı dəyişikliklər olub. Qanun layihəsinin strukturu və məzmunu hazırda mövcud olan şəffaflığa və hesabatlığa adekvat olmalıdır. Hesab edirik ki, mədaxil mənbələrinin və xərc istiqamətlərinin dövlət büdcəsinə dair Qanun layihəsinə analoji olaraq Dövlət Maliyyəsi Statistikası Təlimatının tələblərinə uyğun göstərilməsi dövlət maliyyəsinin idarəedilməsi üzrə qabaqcıl təcrübəyə yaxınlaşmaya imkan verən addımlardan ola bilər.

İkinci tövsiyə – fondların inzibati xərcləri ilə bağlıdır. İnzibati xərclər dövlət maliyyəsinin önəmli komponenti olan bu fondların dayanıqlılığının ölçülməsində istifadə olunan meyarlardan biridir. Hesab edirik ki, inzibati xərclərə xüsusi diqqət yetirilməli və bu istiqamətdə nəzarət artırılmalı, müəyyənləşdirilmiş hədlər həm proqnozlaşdırma, həm də icra prosesində gözlənilməlidir.

Üçüncü vacib tövsiyəmiz – bəzi göstəricilərin diqqətdə saxlanılması ilə bağlıdır. Pensiya təminatı sisteminin qiymətləndirilməsi zamanı bir sıra göstəricilər əsas götürülür. Dövlət tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və iqtisadi imkanlar maliyyə baxımından yaxın illərdə riskləri istisna etsə də, demoqrafik göstəricilərin davranışı artıq bəzi meyilləri işıqlandırmaqdadır. Belə ki, cari dövrdə pensiyaçıların sayının azalması fonunda pensiya xərclərinin artması sığortaolunanlar tərəfindən ödənilən sosial sığorta haqqının daha çox hissəsinin Fondun sığorta ödənişlərinin maliyyələşdirilməsinə yönəldiyini göstərir. Bu isə gələcəkdə fondun resurs ehtiyatı yaratmaq imkanlarının məhdudlaşdıra bilmə ehtimalına səbəb ola bilər.

Eyni zamanda, statistik göstəricilərin təhlilindən irəli gələrək, Hesablama Palatası gələcəkdə baş verəcək yaşlanma fonunda sığortaolunanlar qarşısında götürülən öhdəliklərin həyata keçirilməsi üçün Fond tərəfindən müvafiq strateji baxışların hazırlanmasını zəruri hesab edir.

– “Dövlət satınalmaları haqqında” yeni qanun qəbul edilib, 2024-cü ildən tətbiq ediləcək. Bu qanunun qəbulundan sonra dövlət satınalmalarında şəffaflığa nail olunacaq?

– Yeni Qanunun qəbul edilməsinin bir neçə məqsədi var. Bu məqsədlərdən biri də şəffaflığın təmin edilməsi ilə bağlıdır. Yeni Qanunun əsas prinsiplərindən biri də şəffaflıqdır. Ümumiyyətlə, yeni qanunda qapalı tender istisna olmaqla, bütün satınalmalar elektronlaşdırılır, bəzi satınalma metodları ləğv edilir və daxili nəzarət orqanının səlahiyyətləri genişləndirilir. Kənar dövlət maliyyə nəzarətinin bu mərhələdən sonra əsas funksiyası cari prosedur və qanunvericiliyin tələblərinə uyğunluğa nəzarətlə məhdudlaşmır. Satınalma üzrə xərclərin məqsədəuyğunluğu və əsaslılığı, satınalmaların vaxtında olması və səmərəliliyi gələcək auditlərdə prioritet olacaq.

Sonda xüsusi vurğulamaq istərdim ki, yeni tənzimlənmələrin nə dərəcədə effektiv olması bu Qanunun təşkilatlar tərəfindən tətbiqindən sonra məlum olacaq.

– Növbəti ilin İş Planına nələri daxil edəcəyinizi əvvəldən bilmək olarmı?

– Növbəti ilin İş Planının tam formalaşdırılması mərhələsindəyik. Auditorlar tərəfindən qanunun tələblərinə uyğun planlaşdırma işləri yekunlaşır. 2024-cü ilin İş Planının təsdiqi ənənəvi olaraq Hesablama Palatasının fəaliyyətə başladığı tarixin ildönümü ərəfəsində olması gözlənilir.

Növbəti ilin ilk ayının 16-dan sonra ilk nəzarət tədbirinin başlanılmasını planlamışıq. 2024-cü ilin İş Planında işğaldan azad olmuş sahələrə ayrılmış vəsaitlərin istifadəsinə dair, büdcədənkənar fondların gəlir və xərc smetalarının düzgünlüyünə dair uyğunluq, konsolidə edilmiş maliyyə hesabatlarının maliyyə auditi sayının artırılmasını nəzərdə tuturuq.

Həmçinin, cəmiyyət və parlamentdə qaldırılan mövzulara dair və dövlət proqramlarının icrasına dair səmərəlilik auditləri də İş Planına daxil ediləcək. Milli Məclisdən də İş Planına təkliflərin gəlməsi gözlənilir.

– 2024-cü ilin Milli Məclisdə Büdcə müzakirələri zamanı “Hesablama Palatası haqqında” Qanuna əlavə dəyişikliklər təqdim etdiyinizi bildirdiniz. Bu dəyişikliklər Hesablama Palatasının hansı fəaliyyətini əhatə edir?

– İlk olaraq bildirim ki, ali audit orqanı fəaliyyət göstərdiyi mühitdə baş verən çağırışlara daim adekvat reaksiya verməlidir. Bu reaksiyanın verilməsi bəzi hallarda qanunvericilik bazasında yenilikləri də tələb edir. Bu baxımdan 2023-cü ildə tərəfimizdən “Hesablama Palatası haqqında” Qanuna dəyişiklik layihəsi hazırlanıb. Təkliflərimizi mahiyyət etibarı ilə 2 istiqamətdə qruplaşdıra bilərik:

1. Dövlət maliyyəsinin idarəedilməsinə nəzarətin təkmilləşdirilmələr üzrə təkliflər;

2. Uyğunlaşdırma və redaktə xarakterli təkliflər.

Əhəmiyyətli hesab edilə biləcək dəyişikliklər arasında büdcə sisteminin vacib komponenti olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin auditi və bu büdcəyə rəy verilməsi məsələlərinin dəqiqləşdirilməsini, dövlət vəsaitindən istifadə edən nəzarət obyektlərinin siyahısının genişləndirilməsini, məsələn, icmal büdcənin tərkib elementi olmayan məqsədli dövlət fondlarının, siyasi partiyaların audit edilməsi ilə əlaqədar mandatımızın yaranması ilə bağlı təklifləri xüsusi qeyd edə bilərəm.

 

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər