“Təcili yardımın üzərinə düşən yükün azaldılması üçün evdə müalicə təşkil olunub”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.
Səhiyyə Nazirliyinin aparat rəhbəri deyib ki, bu məqsədlə 39 xüsusi məntəqə yaradılıb və onlar bu işi tənzimləyirlər: “Gün ərzində bu məntəqələrə 700-800 müraciət olur. İnsanların təcili yardıma deyil, poliklinikalara müraciət etməsi ilə biz bu yükü azaltdıq və müəyyən vaxtdan sonra təcili yardım xidməti ilə bağlı gecikmələrlə üzləşməyəcəyik”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə qeyd edib ki, yoluxmaların artımı dövründə təcili yardıma müraciətlər artmışdı: “Bu məsələlər nəzarətdə saxlanılır. Problem varsa, zəruri tədbirlər görülür. Xüsusi karantin rejimində müəyyən narazılıqların olması təbiidir, bütün gözləntilərə cavab vermək çətin olur. Amma ən kiçik nöqsan da olduğu təqdirdə, bunun aradan qaldırılmasına çalışılır”.